Azərbaycanda dayanıqlılıq hesabatı olan özəl tikinti şirkətlərinin sayı 20-yə yaxındır.
Bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda dəyirmi masada bildirib.
O qeyd edib ki, özəl sektor ətraf mühit məsələlərinə diqqəti daha da artırmalıdır.
“Əvvəl bu istiqamətdə cəmi 2 özəl şirkət hesabat hazırlayırdı. BMT-nin Azərbaycan nümayəndəliyi ilə birlikdə 50 özəl tikinti şirkəti ilə maarifləndirici tədbir həyata keçirdikdən sonra bu rəqəm artdı. Bu cür hesabatlar həmçinin xarici şirkətlərə imkan yaradır ki, bizim özəl şirkətlərin fəaliyyəti ilə tanış olsun və onlarla əməkdaşlıq etsin”, – deyə nazirlik rəsmisi qeyd edib.