“Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini azaldacağını gözləmirik”.
Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin hesabatında bildirilib.
Agentlik qeyd edib ki, AMB may ayından etibarən yumşaldıcı pul siyasət dövrünü dayandırıb.
“Tənzimlənən qiymətlərin artması və Azərbaycanın 2024-cü il üçün dürüstləşmiş büdcəsində dövlət xərclərinin proqnozlaşdırılan artımı səbəbindən gözlənilən inflyasiya artımını nəzərə alaraq əlavə uçot dərəcəsinin endirimini gözləmirik”- “Fitch” bildirib.
Agentlik həmçinin, inflyasiya proqnozunu açıqlayıb: “İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın hədəf diapazonundan (4 % ± 2 faiz bəndi) aşağı olub və 2024-cü ildə orta hesabla 3,5 % təşkil edəcək, 2026-cı ilə qədər isə 4,7 %-ə qədər artacaq ki, bu da “BBB” medianı üçün proqnozlaşdırılan 2,5 %-dən yüksəkdir”.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti iyunun 21-də sonuncu qərarında uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində sabit saxlayıb. AMB-nin pul siyasəti ilə bağlı növbəti qərarı isə iyulun 31-də açıqlanacaq.