Müəllif : Kərimov Elşad , London Metropolitan University Msc Economics
Hər il minlərlə tanker vasitəsilə dünya sularında böyük miqdarda neft və neft məhsulları daşınır ki, bu da ətraf mühitə ciddi təhlükə yaradır. Eyni zamanda, o da qeyd edilməlidir ki, “Exxon” miqyasında nəhəng şirkətlərdən fərqli olaraq, heç də bütün şirkətlər fəaliyyətləri nəticəsində dəyə biləcək zərəri aradan qaldırmaq, bunun üçün böyük həcmdə maliyyə vəsaiti xərcləmək iqtidarında deyil. Həmin şirkətlərin iqtisadi potensialı buna imkan vermir. Bu mənada şirkətlərin, daha geniş anlamda götürsək, dövlətlərin iqtisadi inkişaf səviyyəsinin ətraf mühitlə bağlı problemlərlə əlaqələndirilməsi məsələsi gündəmə gəlir. Statistik göstəricilərə əsasən, ətraf mühitin ciddi surətdə çirklənməsi əsasən inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. İlk baxışdan təzadlı iddiadır. Lakin dərindən analiz etdikdə belə qənaətə gəlinir ki, buna səbəb həmin ölkələrin iqtisadi vəziyyəti qeyri-qənaətbəxş olduğundan onların ətraf mühitin mühafizəsi, və bu kimi problemlərin həlli üçün yetərli həcmdə maliyyə vəsaitinə malik olmamasıdır.
Ətraf mühitin çirklənməsinin gələcəkdə (əslində elə bu gün də) insanın həyat və fəaliyyətinə mənfi təsir göstərdiyi şübhəsizdir. Hələ ötən əsrin 80-ci illərində havaya buraxılan zəhərli qazlar nəticəsində planetimizi əhatə edən və bəşəriyyəti zərərverici ultrabənövşəyi şüalardan mühafizə edən ozon qatının zədələnməsi aşkar olunmuşdur. Artıq neçə müddətdir ki, dünya ölkələri bu problemin həlli üçün çıxış yolları axtarırlar. Bəzi alimlərin fikrincə, dünya miqyasında karbon vergilərini yüksək dərəcədə qaldırmaq atmosferə karbon dioksid (CO2) emissiyasını 50%-ə qədər azalda bilər. Lakin bu vergilərin böyük həcmdə qaldırılması bir sıra ölkələr üçün ciddi problemlər yarada bilər. Məsələn Çinin iqtisadiyyatında kömürdən istifadə faizinin böyük olması bu kimi vergi artımının həmin ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyi şübhəsizdir. Qeyd etmək lazımdır ki, hal-hazırda Çin karbon dioksid emissiyasına görə dünyada birinci yerdədir. Bundan başqa, yüksək vergilər dünya səviyyəsində sənaye istehsalına ziyan vura bilər. Təxmini hesablamalar göstərir ki, bu addımların atılacağı təqdirdə dünya üzrə sənaye istehsalına 18 trilyon ABŞ dolları həcmində zərər dəyə bilər. Göründüyü kimi, ətraf mühitin mühafizəsinin radikal üsullarla həyata keçirilməsi bəzi hallarda iqtisadi inkişaf üçün təhlükə yaradır.
Məlumdur ki, qlobal istiləşmə prosesi dəniz səviyyəsinin qalxması ilə müşayiət olunur. Bu problem nəticəsində ən çox ziyan çəkə bilən ölkələrdən biri Banqladeşdir. Belə ki, dəniz səviyyəsinin 1 metr qalxması həmin ölkə ərazisinin 20%-ni su altında qoya bilər. Qiymətləndirmələr göstərir ki, dünya ölkələri iqtisadi inkişafı arxa plana keçirərək yalnız ətraf mühiti mühafizə məqsədilə karbon dioksid emissiyasını azaltmağa diqqət göstərsələr yaxın gələcəkdə yaranacaq maddi ziyanın həcmi daha çox ola bilər. Bunun əvəzində, məsələn, dəniz səviyyəsinin qalxması nəticəsində ölkələrə dəyəcək ziyanın ümumi güclərlə aradan qaldırılması, o cümlədən zərərçəkmiş ölkələrə kompensasiyaların verilməsi və əhalinin təhlükəsiz yerlərə köçürülməsi daha məqsədəuyğundur.
Nobel mükafatı laureatı Simon Smit Kuznetsin təklif etdiyi “Kuznets əyrisi”ndə iqtisadi inkişaf səviyyəsinin ətraf mühitin mühafizəsi ilə əlaqəsi ifadə edilir. Qeyd edilir ki, ölkələrin inkişaf səviyyəsi yüksəldikcə ətraf mühitə dəyən zərər artır, lakin inkişaf səviyyəsi müəyyən həddə çatdıqdan sonra ətraf mühitin çirklənmə səviyyəsi azalır. Bu onunla izah edilir ki, ölkələr inkişaf etdikcə ətraf mühitin mühafizəsi məsələsinə yetərli diqqət ayırır, o cümlədən bu sahədə qanunvericiliyini təkmilləşdirir və daha çox yeni, ekoloji tələblərə uyğun texnika və texnologiyadan istifadə edir. Həqiqətən, statistik göstəricilərə əsasən, inkişaf etmiş ölkələrdə havaya buraxılan zəhərli qazların həcmi digər ölkələrə nisbətən daha azdır. Misal üçün, bu ölkələrdə yeni texnologiyadan istifadə olunması və zərərli qazların qarşısını almaq üçün lazımı tədbirlərin görülməsi sayəsində avtomobillərdən çıxan zəhərli qazların həcmi inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Bu mənada Amerika Birləşmiş Ştatlarının nümunəsində iqtisadi inkişaf səviyyəsi ilə ətraf mühitin mühafizəsi arasında bağlılığa nəzər yetirmək maraqlı olar. Belə ki, 1970-2006-cı illər ərzində ABŞ-da karbon monooksid emissiyasi 197 milyon tondan 89 milyon tona, azot oksid emissiyası 27 milyondan 19 milyon tona, sulfur dioksid emissiyası isə 31 milyondan 15 milyon tona enmişdir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlətlər sırasındadır. O da təbiidir ki, iqtisadiyyatımızın inkişafı müsbət nəticələrlə yanaşı, bir sıra mənfi hallarla da müşayiət olunur. Ətraf mühitin çirklənməsi bu kimi hallardan biridir. Yuxarıda qeyd edilən “Kuznets əyrisi”ndən istifadə etsək belə qənaətə gəlmək olar ki, ölkəmiz iqtisadi inkişafın müəyyən həddinə qədəm qoyduqdan sonra yeni texnika və texnologiyadan istifadə etməklə ətraf mühitin mühafizəsini daha yüksək səviyyədə təmin edə bilər. Məsələn, bu gün ölkəmizin avtomobil bazarının vəziyyətinə nəzər salsaq görərik ki, vətəndaşların az və orta gəlirə malik olması Azərbaycana əsasən işlənmiş avtomobillərin idxal edilməsinə səbəb olur. İstehsal tarixi köhnə olan və müasir ekoloji tələblərə cavab verməyən avtomobillərdən istifadə nəticəsində atmosferə buraxılan zəhərli qazların həcmi normadan xeyli artıqdır. Bununla yanaşı, ümid etmək olar ki, ölkəmiz iqtisadi cəhətdən daha da inkişaf etdikcə, vətəndaşların maddi vəziyyəti yüksəldikcə onların alıcılıq qabiliyyəti artacaq, bu da ölkəyə daha yeni və müasir ekoloji tələblərə cavab verən avtomobillərin idxalına şərait yaradacaq.