Qazaxıstan və Rusiyanın nəqliyyat nazirləri Marat Karabayev və Roman Starovoyt Moskvada işgüzar görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun inkişaf perspektivlərini müzakirə ediblər.
“Danışıqlar zamanı dəhlizin şərq marşrutunun inkişaf perspektivləri, eləcə də Rusiya limanları istiqamətində daşımaların və iki ölkənin nəqliyyat kompleksinin inkişafı ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib”, – məlumatda bildirilib.
Görüşün sonunda ikitərəfli əməkdaşlığın ən perspektivli sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, iyulun 19-da Aktauda Qazaxıstan, İran, Türkmənistan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb.
Bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürmə qabiliyyətini ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdırmağa imkan verəcək.