Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılması istiqamətində işlər başa çatmaq üzrədir.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə 2 milyard kubmetr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur. Gələcəkdə bu həcmin daha da artırılacağı nəzərdə tutulub.
Qeyd edək ki, geosiyasi mövqeyindən istifadə edən Türkiyə Türkmənistan qazını Avropaya çatdırmaq öhdəliyini götürmək istəyir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji problemi ilə üzləşdiyi bir zamanda alternativ yollar axtarışına başlanıb. Alternativ yollardan biri hesab edilən Türkmənistan qazının Avropaya çatdırılması üçün ilk mərhələdə Türkiyə ilə Türkmənistan arasında Anlaşma Memorandumu imzalandı. Müqavilə təbii qaz və karbohidrogen sahəsində mühüm əməkdaşlıqları əhatə edir. Daha sonra Bakı və Ankara arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.
Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı və Ankaranın bu layihələr vasitəsilə təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmədiyini, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verdiyini deyib: “Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”.