Unibank-ın yeni yaradılan Mikro kreditləşmə sahəsinin satış Mərkəzinə rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov bank sektorunda 17 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu təyinatadək o, Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb.
Bəxtiyar Bəxtiyarov 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistr təhsili almışdır. Türkiyənin Boğaziçi Universitetində Mini MBA təhsilini bitirib.
B.Bəxtiyarov karyerasına 2001-ci ildə özəl şirkətlərdə satış analitiki kimi başlamışdır. 2002-2006-cı illərdə bələdiyyələr və sosial layihələr sahəsində təlimçi və Layihə Meneceri kimi çalışmışdır. 2006-2007-ci illərdə isə “Bees Group” şirkətində İnsan resursları departamentində direktor müavini vəzifəsində çalışmışdır. 2021-ci ildən “Accessbank” QSC-də Nərimanov filialının rəhbəri vəzifəsində çalışmışdır.
Həmçinin B.Bəxtiyarov ABŞ-ın Massaçuset İnformasiya Texnologiyaları universitetindən “Mikro iqtisadiyyat”, Harvard universitetindən “Tətbiqi liderlik: əsas prinspilər” və London Universitetindən “Müasir şirkətlərin idarəedilməsi” üzrə (onlayn kurslardan müvəffəqiyyətlə keçərək) sertifikatlar əldə etmişdir.