Nə qədər qəribə səslənsə də, müharibə yalnızca məhv etmir, həm də yaradır. Adətən məhz müharibə zamanı cəbhədə yaranmış bu və ya digər problemlərin öhdəsindən tez bir zamanda gəlmək üçün yeni-yeni texnologiyalar yaradılır. Bu yeniliklər isə daha sonradan məişətə tranfer olmağa başlayır və insanların gündəlik həyatında istifadə olunur.
Kim düşünə bilərdi ki, müharibə olmasaydı konserva, “superkley”, mikrodalğalı soba və s. yaradılmayacaqdı.
Konservanın yaradılması birbaşa olaraq Napoleon Bonapart ilə əlaqəlidir. O bankalarda saxlanıla biləcək qidanın ixtirası qarşılığında 2 min frank mükafat təyin etmişdi. Bu müsabiqənin qalibi isə dünyada ilk dəfə məhsulların konservləşdirilərək saxlanılması üsulunu kəşf etmiş Nikola Apper olur.
Rezin əl oyuncağı – bütün dünyada geniş yayılmış polimer plastik oyuncaqdır. Bu oyuncaq 1943-cü ildə, İkinci dünya müharibəsi zamanı şotlandiyalı alim Ceyms Rayt tərəfindən yaradılıb. O bu zaman kauçukun sintetik əvəzləyicisini əldə etmək istəyirdi. Eksperiment uğursuzluqla nəticələnsə də, oyuncaq elə də pis alınmamışdı.
Kanistr – yanacaq, yaxud maye məhlul daşımaq üçün nəzərdə tutulan bu əşya kifayət qədər keçmişdə yaradılıb. Lakin bizim görməyə adət etdiyimiz formada olan kanistrlər 1930-cu illərdə İkinci Dünya müharibəsinin başlanması ərəfəsində alman mühəndislər tərəfindən yaradılıb. Bu dizayn o qədər uğurla yaradılmışdı ki, bu günə qədər öz aktuallığını qoruyub saxladı.
Mikrodalğalı soba: İlk mikrodalğalı soba amerikalı hərbi mühəndis Persi Spenser tərəfindən radarlar üçün avadanlıqlar hazırlayarkən yaradılmışdır. Deyilənə görə, Spenser maqnetron ilə növbəti eksperimentlərindən birini aparkən onun cibindəki şokolad əriyirdi. 1947-ci ildə istehsal edilən ilk mikrodalğalı sobaların çəkisi 340 kq idi və xüsusi populyarlıqla istifadə edilmirdi. Bu cihazların populyarlıq qazanmasına təxminən 30 il tələb oldu.
Radar: Radarın yaradılması barədə ideya XX əsrdən gündəmdə olsa da, şotlandiyalı mühəndis Robert Uotson-Uott 1935-ci ildə bu ideyanı həyata keçirdi. Bununla eyni zamanda, SSRİ-də radiolokasiya stansiyaları uğurla sınaqdan keçirilirdi.
Marqarin: Marqarinin yaradılmasını isə III Napoleona borcluyuq. O 1860-cı ildə hərbi qüvvələr tərəfindən istifadə olunması üçün ucuz yağ əvəzləyicisini kəşf etmək qarşılığında mükafat vəd edir. Fransalı kimyagər İppolit Meje-Murie belə bir həll yolu irəli sürür: inək yağını süd ilə emulsiya etmək. İxtiraçının özü təəssüf ki yaratdığı məhsulun böyük populyarlıq qazandığı dövrə qədər yaşamamışdır.
“Superkley”. Belə hesab edilir ki, bu yapışqan müharibə dövründə yaraların yapşdırılması üçün xüsusi olaraq ixtira edilib. Lakin bu heç də belə deyil. Onu ilk dəfə 1942-ci ildə şəffaf plastik əldə etməyə çalışan amerikalı kimyagər Harri Kuver yaratmışdır. Kuver bu zaman öz ixtirasına bir o qədər də diqqət ayırmamış, lakin 10 ildən sonra bu kəşfinin üzərinə geri dönmüşdür.
Santexniki yapşdırıcı lent: Bu müharibə dövründə kəşf edilmiş ən məşhur əşyalardan biridir. Bu yapışqan lenti 1942-ci ildə Johnson and Johnson şirkəti amerikalı əsgərlərin yapışqan və suyadavamlı lent sifariş verməsi ilə yaratmışdı. Orduda bu lentdən bir çox məqsədlər üçün istifadə edilirdi. Məsələn, həm sığınacaq məkanların hazırlanması zamanı, həm də müvəqqəti sarıqlar üçün bu lentdən böyük tələbatla istifadə edilirdi.