Azərbaycanda 01 iyul 2024-cü il tarixinə daxili dövlət borcu 16 milyard 571.9 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342.5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13.7 faizini təşkil edib.
Banker.az bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ə istinadən xəbər verir.
Daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 705.5 milyon manat artıb.
“Daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi olub”, – deyə hesabatda qeyd edilib.
1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7 milyard 280.7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 291.2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşdüyü məlum olub.
Hesabat tarixinə dövriyyədə olan 7 milyard 280.7 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 19.5 faizi 1 illik, 67 faizi 2 və 3 illik, 13.5 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.
Əlavə edilir ki, borc strategiyasına uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 6.9 dəfə artaraq 7 milyard 280.7 milyon manata çatıb.
Hesabatdan məlum olur ki, sonrakı illərdə istər qısa, istər orta müddətli istiqrazlar üzrə faizlər yüksəlməkdədir. İyul ayının əvvəlinə olan statistikaya əsasən, dövlət istiqrazlarının gəlirliliyi orta müddəti əhatə edən 2 və 3 illik istiqrazlarda 8.5 faizə qalxmaqla 2019-cu ildən bu tərəfə maksimumdur. Maliyyə Nazirliyi bu məsələyə də aydınlıq gətirərkən, bunu “daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması” ilə əlaqələndirir.