14 C
Baku
Saturday, November 23, 2024

“Dell” və “Palantir” S&P 500 indeksinə daxil olub

Cümə günü S&P 500 indeksinə iki yüksək texnologiyalı şirkət daxil olub: kompüter və periferiya qurğuları istehsalçısı “Dell” və məlumatların toplanması və təhlili proqram təminatı istehsalçısı “Palantir Technologies”. Qeyd edək ki, indeksə daxil olmaq üçün şirkət ABŞ-də qeydiyyatdan keçməli, onun səhmləri ABŞ fond birjasında satılmalı, bazar kapitallaşması isə ən azı 18 milyard dollar olmalıdır.

“Dell” 1996-cı ildən S&P 500 indeksinə daxil olsa da, 2013-cü ildə onun təsisçisi Maykl Dell “Silver Lake” investisiya fondu ilə birlikdə bütün səhmləri geri alaraq şirkəti özəlləşdirib. 2018-ci ildə islahatlar aparıldıqdan sonra “Dell” yenidən birjaya qayıdıb.

“Palantir Technologies” 2004-cü ildə “PayPal”ın həmtəsisçisi Piter Til və onun tələbə dostu Aleksander Karp tərəfindən təsis edilib. “Palantir” ABŞ kəşfiyyat orqanları ilə sıx əməkdaşlığı ilə tanınır. Şirkət telefon qeydləri, fotoşəkillər, pul köçürmələri və digər məlumatlardan istifadə edərək cinayətkarları izləyən proqram təminatı yaradır.

Medianın yazdığı kimi, bir vaxtlar Osama ben Ladenin tutulmasına məhz “Palantir” proqramı kömək edib. 2020-ci ildə şirkət IPO keçirib və fəaliyyəti ilə bağlı daha çox məlumatı açıqlamağa başlayıb ki, bu da bir sıra qalmaqallara səbəb olub.

Məsələn, 2021-ci ildə Böyük Britaniya Səhiyyə Departamenti ictimai tənqidlərə görə “Palantir” ilə müqaviləsini ləğv edib. Keçən il Almaniyanın bir neçə əyalətinin səlahiyyətliləri yerli hüquq-mühafizə orqanlarının “Palantir” proqram təminatından necə istifadə etdiyini nəzərdən keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər