Son illərdə dünyada ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə “Net Zero” anlayışı tez-tez istifadə olunur. Anlayışın tərifini sadə dildə desək, bu, atmosferə buraxılan həcmdə istixana qazlarının* həmin həcmdə də azaldılmasıdır. Yəni, atmosferə 5 ton istixana qazı buraxılır və əvəzində 5 ton istixana qazı azaldılırsa bununla xalis sıfra nail olunur. Məqsəd qlobal istiləşmənin qarşısını almaq və iqlim dəyişikliyinin təsirlərini minimuma endirməkdir.
“Xalis Sıfır”a universal nail olma yolları hansılardır?
• Enerjidən effektiv istifadə etməklə
• Bərpa olunan enerji mənbələrindən istifadə etməklə
• Elektriklə işləyən fərdi və ictimai nəqliyyata üstünlük verməklə
• Yeni meşələrin salınması və mövcud meşə ərazilərinin genişləndirilməsi ilə
• Karbon tutma və saxlama texnologiyalarına investisiyalar etməklə
• Tullantıları azaltmaq və onları yenidən istifadə etməklə
“Xalis Sıfır”a Azərbaycanda nail olmanın əsas yolları hansılardır?
• Bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməklə: Böyük həcmdə günəş və külək enerji potensialının olması bu keçidi və ondan sonrakı prosesi uzun müddətdə dayanıqlı edəcəkdir.
• Karbon emissiyasını azaltmaqla: Müxtəlif sənaye sahələrində və nəqliyyat sektorunda səmərəli istehsalat texnologiyalarının və elektrikli nəqliyyat vasitələrinin tətbiqi karbon emissiya həcmini əhəmiyyətli dərəcədə azaldacaqdır.
• Karbon tutma və saxlama texnologiyalarının tətbiq edilməsilə: Bu istiqamətdə ən son innovativ texnologiyaların tətbiq edilməsi xalis sıfra nail olmada ən mühüm vasitələrdən biri olacaqdır (qlobal illik xalis sıfra verdiyi töhfə 10-11%-dir).
• Meşələrin salınması, onların ərazilərinin genişləndirilməsiylə: Meşə resurslarımızın ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) az olması eyni zamanda 2 çağırışa işarədir.
• Beynəlxalq əməkdaşlıq və maliyyələşmə: Proses uzun zaman, böyük həcmdə maliyyə vəsaiti və yüksək texnologiyalar tələb etdiyi üçün beynəlxalq dəstəyin alınması zəruridir.
Görüləcək bu işlərin fonunda həm xalis sıfra effektiv olaraq nail olunacaq, həm də Azərbaycanın iqtisadi və enerji dayanıqlığı daha da artacaqdır.
*İstixana qazları və onların Yer kürəsində payları:
1) Karbon dioksid – 72% (tərkibini formalaşdırır: elektik istehsalı, nəqliyyat, sənaye sahələri, kimyəvi istehsal, neft istehsalı, kənd təsərrüfatı)
2) Metan – 21 % (tərkibini formalaşdırır: kənd təsərrüfatı, karbohidrogen məhsulları)
3) Azot oksidi – 5%
4) Digər qazlar (F-qazları) – 2%
Mənbə: Qlobal Atmosfer Tədqiqatları üçün Emissiya Data bazası, 2023
Müəllif: Orxan Məmmədli