“Qanunvericilikdə valideynin öz övladını vərəsəlik hüququndan məhrum etməsinin iki yolu mövcuddur”.
Bunu vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, bunun üçün valideyn sağ ikən əmlakını başqa bir şəxsə bağışlaya bilər: “Bağışlamadan 2 il keçdiyi təqdirdə artıq övladınızın həmin əmlak üzərində vərəsəlik hüququ olmayacaq”.
Vəkil bildirib ki, digər yol isə əmlakın başqa bir şəxsə notarial qaydada vəsiyyət edilməsidir: “Ancaq vəsiyyətnamədən sonra yenə də övladınızın həmin əmlak üzərində məcburi pay hüququ olacaqdır. Buna görə də, vəsiyyətnamə yazdıqdan sonra məhkəməyə müraciət edərək həmin övladınızın məcburi pay hüququndan məhrum edilməsinə dair iddia qaldırırsınız. Lakin övladınızı məcburi pay hüququndan məhrum etmək o qədər də asan məsələ deyil. Bunun üçün əsaslı sübutlar olmalıdır. Övladınızın sizə qarşı hər hansı qanunsuz hərəkəti, sizə qarşı cinayət, məişət zorakılığı törətməsinə dair əlinizdə əsaslı, mötəbər dəlillər olmalıdır. Ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddianı isə miras qoyan deyil, miras qoyan rəhmətə getdikdən sonra yalnız onun vərəsələri olan maraqlı şəxslər qaldıra bilər. Yəni miras qoyanın ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Bu müddəa Konstitusiya Məhkəməsinin müvafiq qərarında da öz əksini tapıb”.