9 C
Baku
Monday, November 18, 2024

Agentlik xaricdə təhsillə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər