15 C
Baku
Friday, September 20, 2024

“APM Terminals Poti”: Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) yük daşımalarının həcminin artmasına kömək edəcək Gürcüstanın ən böyük limanlarından biri olan Potidə yeni liman terminalının tikintisi 2027-ci ildə başa çatacaq.

Bunu “APM Terminals Poti” şirkətinin biznesin inkişafı üzrə meneceri Mario Eskobar Bakıda “Qara dəniz və Xəzərdə dəniz limanları və terminallar: İnfrastrukturun inkişafı” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024″də bildirib.

Əvvəllər terminalın 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılırdı.

M.Eskobarın sözlərinə görə, bu layihə Orta Dəhlizin inkişafına mühüm töhfə verəcək: “Artıq birinci mərhələnin həyata keçirilməsinə başlanılıb. Tikinti işlərinə 2025-ci ildə start veriləcək və birinci mərhələdə 1,5 kilometr uzunluğunda şimal dalğaqıranı və konteyner terminalı tikiləcək”.

O bildirib ki, yeni terminalda 330 metr uzunluğunda körpü olacaq ki, bu da böyük tonnajlı gəmilərə xidmət göstərməyə imkan verəcək: “Konteynerlərin yüklənməsi üçün iki STS Post-Panamax tipli kran quraşdırılacaq ki, bu da ildə 400 min TEU-nun emal edilməsini təmin edəcək. Terminal 13,5 metrə qədər suya oturma ilə 300 metrə qədər uzunluğu olan gəmiləri qəbul edə biləcək. Bu, Poti limanını regionun əsas logistika mərkəzinə çevirəcək”.

Qeyd edək ki, layihəni Qazaxıstanın PTC Holding nəqliyyat və logistika qrupu həyata keçirir.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər