16 C
Baku
Wednesday, October 30, 2024

ASOS: milyon dollarlıq ideya

Britaniyanın ASOS şirkətini dünyanın geyim üzrə ən məşhur internet-mağazası adlandırsaq yanılmarıq.

90-cı illərin sonunda ASOS şirkətinin gələcək yaradıcısı Nik Robertson dostu Kventin Qriffits ilə birgə product placements ilə məşğul olan Entertainment Marketing şirkətini inkişaf etdirir. Robertson belə bir faktı öyrənir ki, məşhur “Dostlar” (Friends) serialının ilk seriyası yayımlandıqdan sonra minlərlə tamaşaçı NBC kanalına zəng vurur və Monika və Reyçel-in mənzilinin qapısında olan çərçivənin eynisini haradan ala biləcəklərini soruşurlar. Bu zaman Nik dərk edir ki, insanlara sevimli serial və yaxud filmlərində gördükləri əşyaların eynisini satmağa başlasa müştərilərin ardı-arası kəsilməyəcək. Beləliklə, 2000-ci ildə As Seen On Screen (ASOS – ingilis dilindən tərcümədə “ekranda göründüyü kimi) saytı peyda olur. Nikin qardaşı – Monakonun ən varlı insanlarından biri və eSeekers software şirkətinin yaradıcısı Naycel Robertson onun ideyasına ilk əvvəldən böyük etimad bəsləyir və ASOS-a 1,6 milyon dollar yatırım edir.

ASOS fəaliyyətə başladığı ilk ildən inkişaf etməyə başlayır. İşə salınmasından cəmi bir neçə ay sonra şirkət The Sunday Times qəzeti tərəfindən həyata keçirilmiş səsvermənin nəticələrinə görə “Ən yaxşı dəb qanunvericisi” mükafatına layiq görülür. 2001-ci ildə isə satışlar şirkətə 362 000 dollar gəlir qazandırır.

2004-cü ildə Robertson anlayır ki, rebrandinq zamanı çatıb: kinoya bağlılığa son qoymaq və daha qlobal auditoriyaya köklənmək lazımdır. Bu zaman ASOS moda redaktoru olaraq fəaliyyətə başlayır, yəni brendlərin ən yaxşı modellərini seçir və onları obrazlarda qruplaşdırır. Bu ana qədər şirkətin özünün geyim xətti ona güclü templərlə inkişaf etməyə imkan vermişdi. 2004-cü ildə online pərakəndəçinin satışları 71% artmış və 10 milyon dollardan artıq təşkil etmişdi.

ASOS-da internet vasitəsilə geyim satılması zamanı ən böyük problemin – şəkilin reallığa uyğun gəlməməsi məsələsinin həlli üzərində düşünülməyə başlanılır. Saytda görülən şəkillər çox nadir hallarda bütün detalları olduğu kimi əks etdirir. Həll yolu isə inqilabi idi: müştərinin məhsulun hərəkət zamanı və real insan üzərində necə göründüyünü görə bilməsi üçün hər bir əşya üçün podiumda video çəkilir. Bu yenilik şirkət üçün növbəti inkişaf təkanı olur.

Robertson 2000-ci illərin sonunda anlayır ki, şirkətin inkişafı bütünlüklə məhsulun çatdırılmasından asılıdır. Çatdırılma nə qədər sürətli və rahat olarsa, bir o qədər çox alıcı olacaq. Şirkət nümayəndələri kuryer şirkətləri ilə bu prosesi necə sürətləndirmək barəsində danışıqlara başlayır. Kuryer şirkətlərinin heç də hamısı oyunun yeni qaydaları ilə razı deyildilər, lakin bununla belə onlardan bəziləri qlobal oyunçu ilə razılığa gəlir. Tezliklə bəzi ölkələrdə ASOS məhsullarının sifarişdən cəmi 1 gün sonra çatdırılması tendensiyası yaşanmağa başlayır. 2013-cü ildə ASOS real zamanda alışların hərəkətini izləmək imkanı qazandıran ilk riteyler oldu.

Hər il ASOS şirkətinin illik gəliri durmadan artır. Hazırda şirkətin dünyanın 240 ölkəsində 9,9 milyon alıcısı var.

Son xəbərlər
Digər xəbərlər