Amerika kollecləri ödənişli təhsil sisteminə baxmayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təqaüd verirlər. Bununla yanaşı, onlar mütəmadi olaraq tələbələrin ödənişlərinin təhsil keyfiyyətinin yaxşılaşdırılmasına kifayət etmədiyini əsas gətirərək varlı məzunlardan və xeyriyyə təşkilatlarından ianələr xahiş edirlər.
İlk baxışda bu vəziyyət ziddiyyətli təsir bağışlayır. Kolleclər ianə axtarışındadır, özləri isə xeyriyyə ilə məşğul olaraq öz tələbələrinə təqaüd verirlər.
Burada bütün məsələ təhsil müəssisələrinin həyata keçirdiyi qiymət diskriminasiyasındadır. Onların xeyriyyəçiliyi əslində öz gəlirlərinin maksimum artırılması üsuludur.
Bütün qəbul olan tələbələr üçün təhsil haqqı ildə 3000 dollar təşkil etsəydi, tələbat qiyməti bu məbləğdən aşağı olan tələbələrin əksəriyyəti qəbul olmazdı. Bu zaman kollec iki baxımdan gəlir itirir. Belə ki, ödəniş həcminin bütün tələbələr üçün 3000 dollar təyin edilməsi ilə kollec 3000 dollardan artıq ödəməyə qadir olan tələbələri də itirmiş olur.
Buna görə də, kolleclər qiyməti yüksək təyin edir və yoxsul tələbələrə endirim edir (təqaüd həcmində). Kollec rəhbərləri qəbul olan tələbələrin əslində nə qədər ödəyə biləcəkləri haqqında tam məlumata sahib olsaydılar, onlar elə edərdilər ki, hər bir tələbənin təhsil haqqı və təqaüdü onun tələbat qiymətinə bərabər olardı.
Son nəticədə burada qazanan tərəf yenə də kolleclərdir. Belə ki, onlar öz gəlirlərini maksimum həddə artırır. Uduzan tərəf isə varlı tələbələrdir. Çünki qiymət diskriminasiyası olmasaydı onlar təhsil haqqı üçün hazırda ödədikləri məbləğdən daha az ödəyəcəkdilər. Digər tərəfdən, onların ödədiyi məbləğ onların tələbat qiymətindən çox olmadığı üçün zərərdə qalmayacaqlar.