23 C
Baku
Friday, September 20, 2024

Ağdam Sənaye Parkına yatırılan investisiyanın məbləği açıqlanıb

Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında açılışında iştirak etdiyi yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək və ixrac coğrafiyasını genişləndirəcək:

“Ötən gün ölkə tarixində ən əlamətdar hadisələrdən birinin şahidi olduq. Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında altı sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Sənaye Parkında yeni açılan müəssisələr elektrik paylayıcı avadanlıqların və elektrik yuvaları, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.

Bu altı müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdırılıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə kömək göstərəcək”.

E.Kazımov əlavə edib ki, haqqında danışılan sənaye müəssisələrində əsasən Ağdam və yaxın rayonlardan olan sakinlərə üstünlük veriləcək:

“Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb. Qeyd edim ki, işəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib.

Məlumat üçün bir maraqlı nüansı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyaların həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2045 iş yerinin yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər