17 C
Baku
Friday, September 27, 2024

Kənd təsərrüfatı xərcləri azaldılır – Komitə sədri səbəbini açıqladı

Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan xərclərin azalması gözlənilir. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 171,9 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,55 % azdır.

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, xərclərin azalması müəyyən şərtlərlə əlaqəlidir:

“Əslində bu azalma deyil, müəyyən tədbirlər çərçivəsində atılan addımdır. Büdcədə bu azalma kimi göstərilsə də, əslində müəyyən tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlər ayrılırdı. Amma sonradan qərar verildi ki, bu vəsaitlərin ayrılması digər sahələrə yönəldilsə daha yaxşı olar. Bildiyimiz kimi, kənd təsərrüfatı sahəsində 3.4%-lik artım var”.

Millət vəkili bildirib ki, bütün kənd təsərrüfatı sahələrində məhsul istehsalı xeyli artıb:

“Pambıqçılıq, taxılçılıq, üzümçülük sahələrində artım gözə çarpır. Bu sahədə yeni texnologiyaların tətbiqi vacib məsələ kimi qarşıya qoyulur. Burada ən vacib məsələ məhsuldarlığın artırılmasıdır. Elə sahələr var ki, orada daha az məhsul əldə edilir. Ona görə də mütləq kənd təsərrüfatı məhsuldarlığı artırılmalıdır. Cənab Prezident də öz çıxışlarında bunu dəfələrlə qeyd edib. Ölkədə xüsusilə ərzaqlıq buğdaya tələbat var. Azərbaycan buğda tələbatının 60-65% həcmini özü ödəyir, 1 milyon tona yaxın taxılı Ukrayna və Rusiyadan alırıq. Ona görə də qarşıya qoyulan vəzifələrdən biri ərzaqlıq buğdaya olan tələbatın ödənilməsidir. Nəzərdə tutulur ki, bir neçə il ərzində məhsuldarlıq artırılaraq bu əldə edilə bilər.Heyvandarlıq sahəsində uğurlar əldə edilir. Ölkəmiz öz tələbatını 90-95% ödəyə bilir. Müəyyən məhsullar həm xaricdən alınır,həm də xarici ölkələrə ixrac olunurÖlkəmizdə ixrac potensialı da artıb. Artıq dünyanın 130-dan çox ölkəsinə məhsul ixrac edirik. Bu məhsullara pambıq, meyvə-tərəvəz məhsulları, gön-dəri məhsulları və digərləri daxildir. Bu da əlavə gəlir gətirən sahələrdir”.

 

T.Rzayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə də vacib tədbirlər həyata keçirilir:

 

“Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı məhsulları yetişdirilir. 1000 hektara yaxın sahədə buğda, qarğıdalı, arpa və digər məhsullar əkilib. Bunlar ölkənin kənd təsərrüfatına öz faydasını verir. Sözsüz ki, burada təhlükəsizlik tam təmin olunduqdan sonra digər sahələrin inkişafı da baş verəcək. Son iki ildə Kəlbəcərə arı ailələri köçürülüb. Heyvandarlıqla məşğul olan fermerlər də heyvanlarını bu ərazilərə gətirirlər. Sözsüz ki, bu addımlar olduqca faydalıdır. Həmin ərazilərdə balıqçılıq, meyvəçilik, bağçılığın, pambıqçılıq, taxılçılığın inkişafı üçün münbit şərait var. Sovetlər dövründə elə sahələr olub ki, ölkəni kənd təsərrüfatı məhsulları ilə 18% həmin bölgə təmin edib. Ona görə də bu sahədə qərarlar var. Ölkədə bu gün əsas diqqət toxumçuluğun inkişaf etdirilməsi, keyfiyyətli toxumların əldə olunması və heyvanların cinsinin yaxşılaşdırılmasıdır”.

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər