14 C
Baku
Thursday, November 21, 2024

Qabaqcıl təcrübədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirləri

Müəllif: Əfqan Quliyev

Vergi inzibatçılığının zəif inkişaf edilməsi korrupsiya hallarının artmasına şərait yaratmaqla vergi ödəyicisi və vergi əməkdaşına müəyyən faydalar əldə etmələrinə imkan verir.Gizli sövdələşmələrin nəticəsində yaranan korrupsiya halları demək olar ki, vergi inzibatçılığında mövcud olan əsas problemlərdən biridir. 

Belə ki,təkmilləşdirilmiş vergi inzibatçılığı biznesin inkişafına, investisiyaların axımına və iqtisadi artımına təkan verməkdədir. Lakin, buna baxmayaraq bir sıra dövlətlərdə zəif təşkil edilmiş vergi inzibatçılığı sahibkarların üzərinə əlavə vergi yükü qoymaqla biznesin həyata keçirilməsi üçün əsas maneələrdən biri hesab edilir.

Eyni zamanda, zəif təşkil edilmiş vergi inzibatçılığı korrupsiya əməllərinin aşkarlanması və müvafiq olaraq cəzalandırılması ilə bağlı riskləri azaldır. Bununla yanaşı,vergi yükünün çox olması və vergi öhdəliyinə əməl edilməsi ilə bağlıyüksək xərclər mövcud vəziyyəti daha da kəskinləşdirir. Bütün bu hallar isə vergi ödəyicilərində “Nə üçün mən vergiləri ödəməliyəm?” əsas sualın yaranmasına səbəb olur. Bu isə öz növbəsində faktiki vergi daxilolmalarının azalması ilə yanaşı iqtisadiyyata ciddi zərbə vurur.

Korrupsiyaya qarşı mübarizə sahəsində hazırlanan əvvəlki icmalarımızda vergi korrupsiyasının yaranması səbəbləri və onun qarşısının alınmasında həyata keçirilən tədbirlər barədə geniş məlumat verilimişdir. Nəzərə alaq ki, vergi korrupsiyası ilə mübarizədə səmərəli nəticələrin əldə edilməsi üçün yalnız vergi orqanlarının səyləri kifayət etmir, bu sahədə mübarizəyə bütün şəxslərin, o cümlədən vergi ödəyicilərinin də qoşulması zəruridir. Eyni zamanda, korrupsiya hallarının qarşısının effektiv alınması üçün beynəlxalq təşkilatların və qabaqcıl təcrübəyə malik olan dövlətlərin təcrübələrindən istifadə edilməsi vacib amildir.

Bir sıra beynəlxalq təşkilatlar (Anti Corruption Resource Center, Transparency İnternational və s.) tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatlarda korrupsiya mühitində üzə çıxa biləcək problemlərə əsasən aşağıdakılar aid edilmişdir:

Dövlət gəlirlərinin azalması təhlükəsi. Dövlət gəlirlərinin tam şəkildə yığılmasına təhlükə yaradan vergidən yayınma halları korrupsiya mövcud olan ölkələrdə daha güclü əks olunur, çünki vergi ödəyiciləri faktiki mənfəətlərini bəyan etməməklə vergiləri tam şəkildə ödəmirlər. Eyni zamanda, əgər vergi administrasiyasında korrupsiya halları mövcud olarsa vergi ödəyiciləri vergilərin ödənilməsi əvəzinə rüşvət ödəməyə üstünlük verəcəklər. Bu vəziyyət vergi daxilomalarının azalmasına və dövlət fondlarının maliyyə imkanlarının zəifləməsinə gətirə bilər.

Resursların itkisi. Korrupsiyalı mühitdə birbaşa malların və ya xidmətlərin hazırlanması üçün nəzərdə tutulan resurslar daha çox rüşvətlərin ödənilməsinə yönəldilir. Belə ki, korrupsiya ictimai xidmətlərin təqdim edilməsində başqa cür istifadə edilə biləcək resursların itkisinin yaranmasına səbəb ola bilər. Bütün bunların nəticəsi olaraq, vergilər və ya lisenziya rüsumları üzrə fondların gəlirləri, hansı ki, son nəticədə dövlət büdcəsini formalaşdırır, asanlıqla hər hansı dövlət işçisinin cibinə gedə bilər.

Eyni zamanda, qeyd etmək vacibdir ki, adətən dövlət kontraktlarını əldə edən şirkətlər resursları qeyri-səmərəli və ya tələb ediləndən daha səmərəsiz istifadə edirlər.

Aşağı investisiya səviyyəsi. Korrupsiya yerli və xarici investisiyaların səviyyələrinə neqativ təsir edir. Belə ki, korrupsiya halları mövcud olan mühit biznesin aparılması üçün əlavə xərclər yaratdığından və qanunların təsirini azaltdığından sərmayəçilər belə mühitə sərmayə qoymaqdan qaçırlar. Eyni zamanda, korrupsiya yüksək dərəcədə qeyri-müəyyənlik yaratdığı üçün sərmayəçiləri investisiya qoymaqdan çəkindirir.

Rəqabətin azalması. Dövlət orqanlarının təqdim edəcəkləri hər hansı bir işə və ya xidmətə görə tələb edilən rüşvət bazara daxil ola biləcək şirkətlərin sayını məhdudlaşdırır, hansı ki, son nəticə tələb edilən rüşvəti ödəmək qabiliyyətində olmayan və ya ödəmək istəməyən şirkətlərin kölgə iqtisadiyyatına çəkilməsinə şərait yaradır. Korrupsiya halları ticarət proteksionizminə gətirir və eyni zamanda rəqabətin və istehsalın zəifləməsi ilə keyfiyyətsiz malların bazara daxil olmasına şərait yaradır. Bütün bu hallar isə, yəni rəqabət səviyyəsinin minimum səviyyədə olması istehlakçılara böyük zərbə vurur, hansı ki, məcburiyyət qarşısında aşağı texnoloji səviyyədə istehsal edilmiş və ya keyfiyyətsiz malları baha qiymətlərlə əldə edirlər.

Dövlət xərclərinin artması. Adətən vəzifəli şəxslərə dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələri rüşvət əldə etməyə imkan yaradır.Belə ki, təqdim edilən layihələrdən faydalar əldə etmək üçün daha yüksək imkanları olan bu şəxslər bu layihələrdə iştirak üçün özlərinə yaxın olan şirkətləri irəli sürürlər. Faktiki olaraq, belə hallar yalnız yüksək korrupsiya səviyyəsi olan ölkələrdə deyil, həmçinin korrupsiya səviyyəsi aşağı olan inkişaf etmiş dövlətlərdə də müşahidə olunur. Eyni zamanda, korrupsiya dövlət investisiya layihələrinin düzgün idarə edilməsini məhdudlaşdırır, öz növbəsində böyük fiskal defisitlər yaradır.

Məhsuldarlığın azalması və innovasiyaların məhdudlaşdırılması.Korrupsiyalı sistemdə fərdi sahibkarlar və şirkətlər vaxtlarının və resurslarının böyük hissəsini inkişafın yüksəldilməsinə deyil, daha çox korrupsiya istiqamətində (rüşvətlərin ödənilməsinə, korrupsiyalı orqanlarla əlaqələrin qurulmasına və sair) sərf edirlər. Həmçinin, korrupsiya innovasiyaları məhdudlaşdırır ki, korrupsiyalı sistemlərdə mülkiyyət hüquqlarını qoruyan institutların hüquqi normaları tələb edilən səviyyədə olmur.

Biznesin aparılması xərclərinin artması. Vəzifəli şəxslərə rüşvət ödənilməsi istiqamətində sərf edilən vaxt, eyni zamanda, pul və mürəkkəb qanun və qaydalar biznesin aparılması xərclərini artırır.Bu xərclər həmçinin istehlakçılara ötürülməklə malların qiymətlərini yüksəldir və ya bazara aşağı keyfiyyətli malların daxil olmasına şərait yaradır və ya bazara daxil olmaq üçün müəsisələrə maneələr yaradır.Eyni zamanda,məhkəmə sistemlərində mövcud olan korrupsiya halları şirkətlərin müqavilələr üzrə öhdəliklərin tələb edilməsi, normal əməliyyatlar aparması imkanlarını məhdudlaşdırır və yeni imkanların yaranmasına əngəllər yaradır.

Aşağı inkişaf səviyyəsi.Korrupsiya kiçik müəssisələrə böyük zərbə vurur,çünki korrupsiya ilə bağlı  yüksək xərclər (vaxt və pul) iri müəssisələrdən fərqli olaraq kiçik müəssisələrin fəaliyyətlərinə daha çox təsir edir.Ümumi olaraq kiçik  müəssisələr korrupsiyadan qaçmaq üçün daha az gücə malikdirlər və onlar yüksək rəqabətli bazarlarda çəkdikləri əlavə xərcləri istehlakçılara ötürə bilmədikləri üçün davam gətirə bilmirlər.Kiçik müəssisələrə bir çox iqtisadiyyatların yüksəlməsində əsas rol oynadıqları üçün bu vəziyyət iqtisadiyyatın artım səviyyəsinə ciddi zərbə vurur.

Özəl sektordakı iş yerlərinin məhdudlaşdırılması.Korrupsiya biznesləri kölgə iqtisadiyyatına çəkməklə, bazara daxil olmaq üçün maneələr yaratmaqla və biznesin aparılması xərclərini artırmaqla özəl sektordakı iş yerlərini məhdudlaşdırır,çünki bu hallar şirkətləri inkişaf etmək və genişlənmək niyyətindən çəkindirir.

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə

Dünya Bankı və Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency İnternational) tərəfindən korrupsiyaya belə anlayış vermişdir: “verilmiş səlahiyyətlərdən şəxsi məqsədlər üçün istifadə edilməsi”. Bu vəzifəli şəxslərin, yəni siyasətçilərin və dövlət qulluqçularının vəzifələrindən sui- istifadə etməklə onlara verilmiş vəzifə səlahiyyətlərini aşaraq özlərinin və ya hər hansı yaxın şəxslərin faydası üçün dövlətə çatacaq pul və ya aktivləri yayındırmaqla qeyri-qanuni əməllərin törədilməsini bildirir.

Beynəlxalq təşkilatlar korrupsiyanı əsas dörd növə bölürlər:

“Xırda məbləğli”-əsasən kiçik və orta vəzifəli şəxslər tərəfindən alınan kiçik məbləğli rüşvətləri göstərir.Bu şəxslər ümumi olaraq düzgün şəxslər ola bilərlər, lakin əmək haqqları aşağı səviyyədə olduğu üçün belə kiçik rüşvətlərdən asılı olurlar.
“Böyük məbləğli”- xarici donorlar tərəfindən maliyyələşdirilən layihələr və ya sazişlər üzrə qərar qəbul etmək səlahiyyətləri olan yüksək vəzifəli şəxslər tərəfindən alınan böyük məbləğli rüşvətlər. Korrupsiyanın bu növü fərdi tamahkarlıqla motivləşdirilir. Belə korrupsiya hallarından əldə edilən pul, aktiv və ya hər hansı digər bir fayda şəxslərə və ya siyasi partiyalara köçürülür.

Epizodik (təsadüfi) korrupsiya-ümumi olaraq korrupsiya halları mövcud deyil və hər hansı bir epizod üzrə korrupsiya halları aşkarlandıqda vəzifəli şəxslər müvafiq qaydada cəzalandırılır.
Sistematik korrupsiya-korrupsiya burada əsas gəlir hesab edilir, sistem onun fəaliyyətinin davam etdirilməsi üçün tam olaraq korrupsiyadan asılıdır.

Beynəlxalq iqtisadi əməliyyatlarda korrupsiyanın qarşısının alınması üçün alətlər

Qeyd etmək vacibdir ki, hazırda gedən qlobal inteqrasiya prosesləri dünyanı vahid qlobal bazara çevirməkdədir, harada ki, iri çoxmilli müəssisələr tərəfindən beynəlxalq əməliyyatlar həyata keçirilir və müxtəlif həcmli müəssisələr dövlətlərarası sərhədləri aşaraq mallar və xidmətlər təqdim və ya əldə edirlər. Bir sıra faktorlar dünya ticarətinin belə sürətli genişlənməsinə təkan verir.Aydındır ki, inkişaf etmiş texnologiyalar dünyanın istənilən yerində məsafədən malların alınmasını, satılmasını və çatdırılmasını asanlaşdırır. Əlavə olaraq, bir çox dövlətlər qarşılıqlı sazişlər imzalamaqla və Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi beynəlxalq alyanslar yaratmaqla mövcud ticarət maneələrini aradan qaldırırlar. Bütün bu hallar ölkələrə investisiya axımı ilə bərabər valyuta axımını da gücləndirir və iqtisadiyyata pozitiv təsir edir.

Lakin bunlara baxmayaraq, beynəlxalq əməliyyatlar həyata küçirən bizneslər hələ də bir sıra çətinliklərə məruz qalırlar. Belə ki, hər bir dövlət valyutası, dili və qanunvericilikləri ilə yanaşı özünəməxsus biznes praktikasına malikdir. Bir sıra dövlətlərdə vəzifəli şəxslər təqdim etdikləri zəruri sənədlər və vaxtında apardıqları əməliyyatlar qarşılığında “minnətdarlıq” gözləyirlər, digər bir sözlə rüşvət, hansı ki, burada biznesin aparılması üçün adi və zəruri xərc hesab edilir.

Bununla bağlı, beynəlxalq əməliyyatlar həyata keçirən şirkətlərin xarici dövlətlərin vəzifəli şəxslərinə ödədiyi rüşvətlərin qarşısının alınması və beynəlxalq əməliyyatlarda korrupsiya hallarının azaldılması məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Birləşmiş Millətlər Təşkilatı kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən “Beynəlxalq biznes əmliyyatlarında rüşvətlərlə mübarizə barədə Konvensiya” hazırlanaraq OECD və Aİ-nin üzvlərinə təqdim edilmişdir. Eyni zamanda, Avropa Şurası tərəfindən 23 may 1997-ci il tarixdə qəbul edilən və üzv olan dövlətlərə beynəlxalq əməliyyatlarda rüşvətə qarşı mübarizədə müəyyən istiqamətlər verən tövsiyələr təqdim edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə OECD və Avropa Şurasının rolu

1989-cu ildən başlayaraq OECD beynəlxalq rüşvət və korrupsiya ilə mübarizədə aparıcı rollardan birini oynayır. Bu mübarizə 1999-cu ildə Beynəlxalq biznes əməliyyatlarında rüşvətlərlə mübarizə barədə Konvensiya” qüvvəyə mindikdən sonra daha da güclənmişdir.

Bu konvensiya ona qoşulmaq istəyən istənilən dövlət üçün açıqdır, lakin bu dövlətlər ilkin olaraq müəyyən edilmiş prosedurlara əsasən OECD-nin Beynəlxalq Biznes Əməliyyatlarında rüşvət İşçi Qrupunda iştirak etməlidirlər. Hazırda bu Konvensiya OECD-yə üzv olan bütün dövlətlər və 5 üzv olmayan dövlətlər ( Argentina, Braziliya, Bolqarıstan, Çili və Slovakiya) qoşulmuşlar.

Demək olar ki, hazırda bu Konvensiya xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilən rüşvətlərə qarşı mübarizədə prinsipial alət hesab olunur. Əlavə olaraq, hazırda bu Konvensiya imzalamazdan əvvəl qeyd edilən İşçi Qrupuna qoşulmaq üçün dövlətlər Avropa Şurası tərəfindən qəbul edilmiş “ Beynəlxalq əməliyyatlarda rüşvətə qarşı mübarizə”yə dair və “Xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilən rüşvətin vergitutulan bazadan çıxılması imkanları” barədə tövsiyələri qəbul etməlidirlər.
Konvensiyada aşağıdakı müddəalar öz əksini tapmışdır:
(a) Bu Konvensiya onu imzalayan dövlətlərdən onların şirkətləri tərəfindən xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilən rüşvətin cinayət əməli kimi qəbul etmələrini tələb edir.
(b) Konvensiyanı imzalayan dövlətlər, biznes təşkilatları da daxil olmaqla, hüquqi şəxslərə  rüşvət ödəmələrinə görə məsuliyyətlər müəyyən etməlidirlər . Əgər Konvensiyaya qoşulan dövlətlərin qanunvericiliklərində onların hüquqi şəxsləri tərəfindən ödənilən
(c) rüşvətə və digər bu növ əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutlmayıbsa, bu şirkətlərin mülki qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi təmin edilməlidir.
(d) Konvensiyanı imzalayan dövlətlər xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilmiş rüşvətə görə cərimələri dövlət daxilində ödənilən rüşvətlərə tətbiq edilən cərimələr səviyyəsində müəyyən etməlidirlər. Eyni zamanda, hər bir dövlət ödənilmiş rüşvətlərə görə cəza mexanizmi olaraq müsadirə prosedurlarını müəyyən etməlidir.
(e) Konvensiyada uçot tələbləri də nəzərdə tutulubdur. Belə ki, Konvensiyaya qoşulan hər dövlət şirkətlərin mühasibat sənədlərinin saxlanması, maliyyə hesabatlarının açılışı və uçot və audit standartları ilə bağlı prosedurların müəyyən edilməsi üçün zəruri tədbirləri həyata keçirməlidir. Eyni zamanda, bu dövlətlər mühasibat sənədlərinin məhv edilməsinə və açılmasına qarşı effektiv cərimələr müəyyən etməlidir.
(f) Konvensiya ona qoşulan dövlətlərdən ekstradisiya və cinayət və qeyri-cinayət tərkibli məlumatların qarşılıqlı mübadiləsi kimi səmərəli hüquqi yardımın təmin edilməsini tələb edir.
(g) Konvensiyanın sonuncu müddəası monitorinqi əhatə edir hansı ki, dövlətlərdən Konvensiyanın müddəalarının yerinə yetirilməsi istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini tövsiyə edir.

Əlavə olaraq, OECD və Avropa Şurası tərəfindən hazırlanan və 23 may 1997-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən və üzv olan dövlətlərə beynəlxalq əməliyyatlarda rüşvətə qarşı mübarizədə müəyyən istiqamətlər verən tövsiyələr aşağıdakı əsas müddəaları əhatə edir:

Üzv dövlətlərə beynəlxalq biznes əməliyyatlarında xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilən rüşvətlərin aşkarlanması, qarşısının alınması və mübarizə edilməsi üçün səmərəli tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Hər bir üzv dövlətə aşağıdakı sahələr üzrə araşdırmalar aparmaqla özlərinin əsas hüquqi prinsipləri əsasında aşağıdakı konkret və istiqamətli addımların atılması tövsiyə edilir:

• Cinayət qanunvericiliyinin və onun tətbiqinin bu tövsiyələrə uyğun təkmilləşdirilməsi və xarici dövlətlərin vəzifəli şəxslərinə ödənilən rüşvətin cinayət qanunvericiliyinə cinayət əməli kimi daxil edilməsi;
• Ödənilən rüşvətlərin dolayı dəstəklənməsinin qarşısının alınması məqsədilə vergi qanunvericiliyində və qaydalarda ödənilən rüşvətlərin vergitutulan gəlirdən çıxılmaması və qeyri- qanuni əməl hesab edilməsi ilə bağlı aydın müddəaların əlavə edilməsi;
• Aşağıdakı tələblərə müvafiq adekvat mühasibat uçotu sisteminin və daxili və xarici auditlərə dair zəruri qanunvericiliklərin təmin edilməsi üçün tədbirlərin görülməsi:

1. üzv dövlətlərə şirkətlərindən onlar tərəfindən xərclənən və əldə edilən pul məbləğlərinin adekvat uçotunun aparmalarını, xərclərin və gəlirlərin mənbələrinin aydın göstərilməsini tələb etməlidirlər;
2. üzv dövlətlər şirkətlərindən onların maliyyə hesabatlarının tam açıqlanmasını tələb etməlidirlər;
3. üzv dövlətlər mühasibat uçotunun ləğv edilməsi, saxtalaşdırılması və dələduzluq əməlləri ilə bağlı adekvat sanksiyalar tətbiq etməlidirlər;
4. üzv dövlətlər şirkətlərdə xarici auditin keçirilməsini tələb etməlidirlər;
5. üzv dövlət xarici auditorlarda şirkətdə aşkarlanan hər hansı rüşvət ödənilməsi əməli ilə bağlı səlahiyyətli orqanları məlumatlandırmağı tələb etməlidir;
6. üzv dövlətlər şirkətlərdən daxili audit mexanizmlərinin tətbiq edilməsini, mütəmadi olaraq keçirilməsi və audit nəticəsində hazırlanan hesabatların səlahiyyətli orqanlara təqdim edilməsini tələb etməlidir;
7. üzv dövlətlər Ümumdünya Ticarət Təşkilatının (WTO) dövlət təchizatlarında şəffaflıq razılaşmasına əməl edilməsini dəstəkləməlidirlər;
8. üzv dövlətlərin səlahiyyətli orqanları qeyri- qanuni əməllərin qarşısının alınması məqsədilə digər dövlətlərin səlahiyyətli orqanları və beynəlxalq təşkilatlarla və qeyri- hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq etməlidirlər.

Qeyd etmək vacibdir ki, bu Konvensiyaya qoşulan dövlətlər Konvensiyada nəzərdə tutulan öhdəlikləri və OECD və Avropa Şurası tərəfindən irəli sürülən tövsiyələri yerinə yetirərək xarici dövlətlərin xarici vəzifəli şəxslərinə ödənilən rüşvəti cinayət əməli hesab etmişlər və vergi qanunvericiliklərinə əlavə və dəyişiklik etməklə, belə ödənişlərin vergitutulan gəlirdən çıxılmasını qadağan etmişlər. Belə ki, bu Konvensiyaya qoşulmazdan əvvəl bir sıra dövlətlərin şirkətləri xarici dövlətlərin xarici vəzifəli şəxslərinə ödənilən rüşvətin vergitutulan gəlirdən çıxmaq hüququna malik idilər, misal üçün Avstriya 1998-ci ildə, Belçika və Danimarka 1999-cu ildə, Avstraliya və Fransa 2000-ci ildə vergi qanunvericiliklərinə müvafiq əlavələr və dəyişikliklər etməklə bu halların qarşısının alınması istiqamətində müddəalar qəbul etmişlər.

Korrupsiyaya qarşı mübarizədə Birləşmiş Millətlər Təşkilatının (BMT) rolu 

Korrupsiyaya qarşı mübarizəni daim dəstəkləyən Birləşmiş Millətlər Təşkilatı bu sahədə mübarizənin beynəlxalq və qlobal səviyyədə aparılması üçün “Korrupsiyaya qarşı Konvensiya” hazırlamışdır. Bu Konvensiya 31 oktyabr 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdir və 2003-cü ilin dekabr ayından etibarən onu imzalamaq istəyən bütün dövlətlərə açıqdır.

BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyası antikorrupsiya orqanları tərəfindən antikorrupsiya islahatlarının həyata keçirilməsi və dövlət və özəl sektorlarda şəffaflığın təmin edilməsi istiqamətində istifadə edilə biləcək səmərəli alətdir.

Bu Konvensiyada aşağıdakı müddəalar üz əksini tapmışdır:

• Korrupsiyanın qarşısının alınması. Konvensiyada nəzərdə tutulan korrupsiya hallarının qarşısının alınması tədbirləri həm dövlət, həm də özəl sektorlara istiqamətləndirilmişdir. Konvensiya tərəfindən təklif edilən tədbirlərə antikorrupsiya orqanının yaradılması kimi qarşı alınma siyasəti modelini daxil edilir. Digər qarşı alınma tədbirlərinə dövlət xidmətlərində korrupsiya hallarının qarşısının alınması üçün Etik Kodeksin hazırlanması və şəffaflığın artırılması daxil edilmişdir.
• Korrupsiyanın cinayət əməli kimi qəbul edilməsi. Konvensiya korrupsiyanın dövlətlərin daxili qanunvericilikləri ilə cinayət əməli hesab edilmədiyi halda dövlətlərdən korrupsiya əməllərinin cinayət və digər hüquqpozma halı kimi qiymətləndirilməsini tələb edir. Digər bir sözlə korrupsiyaya qarşı birgə effektiv mübarizə üçün dövlətlər üz qanunvericiliklərində müvafiq dəyişikliklər etməlidirlər.
• Beynəlxalq əməkdaşlıq və qarşılıqlı hüquqi yardım. Konvensiya dövlətlərdən korrupsiyaya qarşı mübarizənin bütün aspektlərində, o cümlədən qarşısının alınması, araşdırılması və cinayətlər üzrə təhqiqatların aparılması istiqamətlərində bir- birilə əməkdaşlıq etməyi tələb edir. Eyni zamanda, Konvensiya dövlətlərə cinayətkarlara ekstradisiyası və aşkar edilən cinayət hallarının digər dövlətin məhkəmə orqanlarına ötürülməsi üzrə qarşılıqlı hüquqi yardımın xüsusi formalarını müəyyən etməyi tövsiyyə edir.
• Aktivlərin geri verilməsi. Aktivlərin geri qaytarılması Konvensiyanın fundamental prinsiplərindən biridir. Korrupsiya nəticəsində əldə edilən aktivlərin aşkarlanması və geri verilməsi vacib məsələdir. Bu əsasən inkişaf etməkdə olan dövlətlər üçün vacibdir, çünki bu dövlətlərdə korrupsiya səviyyəsinin yüksək olması milli sərvətlərin talan edilməsinə gətirir.

Əlavə olaraq, BMT inkişaf etməkdə olan dövlətlərə onların antikorrupsiya proqramlarının təkmilləşdirilməsi üçün razılaşdırılmış çərçivədə dəstək göstərir. Bu dəstək əsasən texniki yardımların göstərilməsi və məlumat mübadiləsi yolu ilə aparılır. Buraya dövlətlərin antikorrupsiya strategiyalarının planlaşdırılması və inkişaf etdirilməsi və antikorrupsiya üzrə səlahiyyətli orqanların əməkdaşlarına treyninqlərin keçirilməsi daxil edilir. Eyni zamanda, BMT inkişaf edən dövlətlərə korrupsiyaya qarşı effektiv mübarizə və BMT Konvensiyasının tələblərinin səmərəli icrası üçün inkişaf etməkdə olan dövlətlərə müvafiq maliyyə yardımlarının edilməsini tövsiyə edir. Bundan başqa BMT Konvensiyanın tələblərinə nail olunması üçün mütəmadi Konfranslar təşkil edir.

Korrupsiyaya qarşı mübarizədə Avropa ittifaqının  tələbləri 

Dövlətlərin antikorrupsiya siyasətləri Avropa İttifaqına daxil olma prosesinin ayrılmaz hissəsidir. Avropa İttifaqı korrupsiyanın qarşısının alınması üçün namizəd dövlətlərdən aşağıdakı əsas tədbirlərin həyata keçirilməsini tələb edir:

• Namizəd dövlətlər antikorrupsiya proqramları qəbul etməlidirlər, proqramlardan irəli gələn öhdəlikləri aydın müəyyən etməlidirlər və müəyyən edilmiş öhdəliklər üzrə islahatlar aparmalıdırlar. Proqram üzrə müəyyən edilən öhdəliklərin icrasına dair mütəmadi monitorinqlər həyata keçirməlidirlər.
• Konkret antikorrupsiya standartları qəbul etməlidirlər, o cümlədən üzv dövlətlərin bu sahədə olan ən yaxşı təcrübələrini qəbul etməlidirlər.
• Müstəqil orqanlar, o cümlədən vətəndaş cəmiyyətləri tərəfindən şəffaf monitorinqlərin həyata keçirilməsi.
• Dövlət strukturlarının idarəçiliyində şəffaflığın təmin edilməsi.
• Avropa İttifaqının tələblərinə uyğun beynəlxalq əməkdaşlıq və hüquqi inzibati yardımın təşkil edilməsi.

Qeyd edilən tələblərin həyata keçirilməsi Aİ-na daxil olmaq üçün əsas şərtlər hesab edilir. Aİ namizəd dövlətlərdə monitorinqlər apararaq onların antikorrupsiya siyasətlərinin Aİ tələblərinə uyğunlaşdırılması üzrə prosesləri nəzərdən keçirirlər. Bu monitorinqlər nəticəsində Aİ-nın “Aİ daxilolma prosesi üzrə monitorinq: Korrupsiya və Antikorrupsiya Siyasəti” hesabatını dərc edir və üzv dövlətlər arasında müzakirəyə çıxarır.

Belə ki, 2005-ci ildə Avropa Komissiyası Avropa Şurasına Aİ daxil olmaqda olan iki namizəd dövlətdə , Rumıniya və Bolqarıstanda, korrupsiya halları üzrə monitorinq və təhlillərin keçirilməsi təklifini vermişdir. Keçirilən təhlil üzrə Avropa Komissiyasının geniş Monitorinq hesabatında “Korrupsiyanın Bolqarıstan və Rumıniyada ciddi problem olaraq qalmaqdadır. Bu dövlətlər korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması üçün səylərini artırmalıdırlar” sözləri öz əksini tapmışdır. Hesabatda Bolqarıstan və Rumıniyadan antikorrupsiya siyasətlərini yenidən gözdən keçirməklə, zəruri tədbirlərin görülməsi tələb edilmişdir.

Hesabatda öz əksini tapan tələblərin icrası istiqamətində Rumıniya tərəfindən aşağıdakı tədbirlər görülmüşdür:

• Aİ-nin tələblərinə uyğun Milli Antikorrupsiya İdarəsi yaradılmışdır. İdarənin əməkdaşlarına digər üzv dövlətlərin ekspertləri tərəfindən treyninqlər keçirilmiş və idarə Aİ üzv dövlətlərinin təcrübələrinə uyğun zəruri avadanlıqlarla təchiz edilmişdir.
• Antikorrupsiya qanununun qəbul edilməsinə baxmayaraq orada “Maraqların toqquşması” müddəası nəzərdə tutulmamışdır və maraqların toqquşması üzrə monitorinqlərin həyata keçirilməsi orqanı mövcud deyil idi. Bununla bağlı, “Maraqların toqquşması haqqında Qanun” qəbul edilmişdir və onun icrası Milli Antikorrupsiya İdarəsinə tapşırılmışdır.
• Əlavə olaraq, Daxili İşlər Nazirliyinin tərkibində Baş Antikorrupsiya Direktoratı yaradılmış və digər dövlət strukturlarında korrupsiya hallarının araşdırılması üzrə səlahiyyətləndirilən daxili nəzarət strukturların yaradılması üzrə işlər sürətləndirilmişdir.

Bolqarıstan isə tələblərin həyata keçirilməsi məqsədilə aşağıdakı tədbirləri görmüşdür:

• Tam yeni olan “Korrupsiyanın qarşısının alınması və bu sahədə mübarizə və Şəffaf Hökumət üzrə Strategiya” qəbul edilmişdir. Burada dövlət orqanlarının üzərinə aydın tələblər qoyulmuş və bu orqanlardan bir- biri ilə əməkdaşlıq etmələri tələb edilmişdir.
• Korrupsiya hallarının monitorinqi və qiymətləndirilməsi köhnə və yeni strategiyalarda fərqli olaraq yeni strategiyada vətəndaşlar cəmiyyətlərinə monitorinqlərin aparılması imkanları təqdim edilmişdir.
• Dövlət orqanlarında nəzarət funksiyaları həyata keçirən strukturlar yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər