Azərbaycanda su sektorunda bundan öncə müxtəlif qurumlar fəaliyyət göstərib. Bu da su ehtiyatlarının idarə olunmasında pərakəndəliyə gətirib çıxarıb.
Bunu Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı Dövlət Su Ehtiyatları Agentliyinin “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov deyib.
O, bildirib ki, Azərbaycanda su idarəçiliyi sahəsində lokal səviyyədə ən uğurlu addımlardan biri vahid su siyasətinin aparılması, bütün su qurumlarının bir qurum halında birləşdirilməsidir:
“Yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin qarşısında çox böyük strategiya var. Ölkədə su ehtiyatlarının kompleks şəkildə effektiv idarə olunması üçün çox böyük addımlar atılacaq. Mənbədən suyun götürülərək istehlakçıya təhlükəsiz çatdırılması, hidrotexniki qurğuların təhlükəsizliyi, su mənbələrinin monitorinqi birbaşa bu qurumun səlahiyyəti altındadır”.