“Təmiz ətraf mühit” və “yaşıl inkişaf” konsepsiyaları 2030-cu ilədək Azərbaycanın inkişaf prioritetlərindən biri kimi müəyyən edilib və ölkə bütün planlaşdırılmış tapşırıqları həyata keçirir.
Bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) çərçivəsində deyib.
“Azərbaycan milli, regional və qlobal səviyyədə “yaşıl” enerjiyə keçidi həyata keçirir, bu proses hədəfli islahatlarla müşayiət olunur”, – nazir qeyd edib.
O, 2027-ci ilə qədər istehsal güclərində bərpa olunan enerji mənbələrinin payını 33%-ə çatdıracaq birinci mərhələnin enerji sisteminin gücləndirilməsi, “yaşıl enerji zonalarının” yaradılması, neft-qaz əməliyyatlarının dekarbonizasiyası, enerji səmərəliliyi və elektrik avtomobillərinin tətbiqini əhatə etdiyini vurğulayıb.
“İlk dəfə xarici sərmayələr əsasında 230 MVt gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bu il 8 ayda günəş elektrik enerjisi istehsalı 9 dəfədən çox artıb. Bu, “yaşıl” strategiyanın həyata keçirilməsində böyük bir uğurdur”, – P.Şahbazov bildirib.
Nazirin sözlərinə görə, ilin sonuna qədər 340 MVt gücündə 2 günəş elektrik stansiyasının tikintisi üzrə işlər davam etdiriləcək, eləcə də, 100 MVt gücündə stansiyanın quraşdırılması üzrə birinci hərracın nəticələri açıqlanacaq.
“Ümumilikdə 8 günəş və külək elektrik stansiyası təxminən 2 GW gücündə, eləcə də, 270 MVt gücündə 32 kiçik SES, işğaldan azad edilmiş ərazilərdə illik 2,9 milyon ton emisiyaların azaldılmasına imkan verəcək”, – P.Şahbazov əlavə edib.