Bu müsahibədə orqanik və sağlam qida istehsalçısı BHC Market-in təsisçisi İlham Şükürov neft sektorundan orqanik qida biznesinə keçid yolundan bəhs edir. İ.Şükürov şəxsi təcrübəsi, şirkətinin missiyası və ölkəmizdə orqanik qida sektorundakı imkanlar və çətinliklər haqqında danışdı. Şükürov həmçinin bazardakı rəqabət və gələcək genişlənmə planları ilə bağlı fikirlərini bizimlə bölüşür.
Banker.az olaraq həmin müsahibəni təqdim edirik:
— İstərdim özünüz və yeni təsis etdiyiniz şirkət barədə oxucularımızla bölüşəsiniz. Biznes modeliniz haqqında daha ətraflı danışa bilərsinizmi?
Əlbəttə. Mən İlham Şükürov, 44 yaşım var. Əvvəllər neft sektorunda çalışırdım, baş mühasib və maliyyə meneceri kimi vəzifələrdə çalışmışam. Amma həyatımın bir dönəmində sağlamlığımla bağlı ciddi problemlər yaşadım. 123 kiloqramdan çox idim və bir sıra xəstəliklərdən əziyyət çəkirdim. Həkim məsləhəti ilə yanaşı, özüm də araşdırmalar apararaq qidalanmanın insan sağlamlığına təsirini daha dərindən anladım. Şəkərli diabet və ürək-damar xəstəlikləri riskini azaltmaq, immun sistemimi gücləndirmək və enerji səviyyəmi artırmaq üçün sağlam qidalanmağa başladım. Təbii ki, bu, həyat tərzimdə də köklü dəyişikliklər etməyimi tələb etdi. Nəticədə 50 kilo arıqladım.
Bu dəyişikliklər sayəsində sağlamlığıma qovuşdum və həyatımın nəzarətini ələ aldım. Bu təcrübə məni o qədər dərindən təsirləndirdi ki, 2022-ci ildə neft sektorundakı karyeramı geridə qoyaraq sağlam həyat tərzini təbliğ etmək üçün yeni bir yola qədəm qoydum. Bu ilin may ayında isə həmfikirim olan bir dostumla birlikdə “Sağlam Həyat üçün Daha yaxşı Seçimlər” (Better Health Choices) devizi altında şirkət qurduq.
Şirkətimizin əsas məqsədi insanları sağlam həyat tərzi haqqında məlumatlandırmaq və onlara keyfiyyətli orqanik qidalar təqdim etməkdir. Bunun üçün iki əsas istiqamətdə fəaliyyət göstəririk:
Sosial media platformalarında maarifləndirici məzmun paylaşaraq insanları sağlam qidalanma, fiziki aktivlik və zehni sağlamlıq mövzularında məlumatlandırırıq.
Yerli istehsalçıların orqanik qidalarını “Approved by BHC” label altında dost brendlərlə istehlakçılara çatdırmaq üçün online marketpleys yaratmışıq.
— İlham bəy, siz əvvəllər tamam fərqli sektorda çalışdığınızı dediniz. Siz maliyyə sahəsində çalışmış birisiniz. Karyeranızda transformasiyaya səbəb nə oldu?
Dediyim kimi, karyeramda bu dəyişikliyə səbəb öz sağlamlığımla bağlı yaşadığım problemlər oldu. Əvvəllər qidanın mənbəyi və tərkibi barədə o qədər də düşünmürdüm. Fast food və hazır qidalardan tez-tez istifadə edir, sağlam qidalanmaya fikir vermirdim. Sağlamlığımda problemlər yaranmağa başlayanda isə araşdırma aparmağa və sağlam qidalanma haqqında öyrənməyə başladım. Bu proses illər çəkdi və nəhayət sağlam həyat tərzinin əsas prinsiplərini anladım.
Neft sektorunda çalışarkən hiss edirdim ki, öz yerimdə deyiləm. İnsanlara daha faydalı olmaq, onların həyatına müsbət təsir göstərmək istəyirdim. Nəticədə, sağlam həyat tərzinin təbliğinə özümü həsr etmək qərarına gəldim və bu gün bu yolda addımlayıram.
— Şirkətiniz sağlam və orqanik qidalar üzərində cəmləşib? İndiki dönəmdə məhsulun keyfiyyətini qoruyarkən mənfəət əldə etmək nə qədər mümkündür?
Bəli, şirkətimiz sağlam və orqanik qidalara fokuslanıb. Maliyyə sahəsindəki təcrübəmə əsaslanaraq deyə bilərəm ki, düzgün yanaşma ilə hər sahədə mənfəət əldə etmək mümkündür. Bizim üçün əsas prioritet keyfiyyətdir. Yerli istehsalçılarla əməkdaşlıq edirik, məhsulların yetişdirilməsi prosesini izləməyə çalışırıq və keyfiyyət standartlarına ciddi riayət edirik. Əlbəttə, bu, xərclərimizi artırır, amma inanırıq ki, keyfiyyətli məhsul öz qiymətini doğruldur.
Bundan əlavə, sağlam qidalanma haqqında maarifləndirmə işləri apararaq insanlarda bu məhsullara tələbat yaratmağa çalışırıq. Düşünürük ki, bu, uzunmüddətli perspektivdə həm bizə, həm də istehlakçılara fayda gətirəcək.
— Orqanik və sağlam qidalara tələbatın artması ilə mövcud bazar tendensiyalarını necə qiymətləndirirsiniz? Bu sektorda hansı çətinliklər və imkanlarla qarşılaşırsınız?
Orqanik və sağlam qidalara tələbatın artdığını müşahidə edirik və bu, bizi çox sevindirir. İnsanlar getdikcə daha çox sağlamlıqlarına diqqət yetirirlər. Bununla belə, bu sektorda müəyyən çətinliklər də mövcuddur. Məsələn, bəzi istehsalçılar məhsullarını orqanik kimi təqdim etsələr də, əslində keyfiyyət standartlarına cavab vermir. Bu da istehlakçıların etibarını azaldır.
Digər bir çətinlik isə qiymətlərin nisbətən yüksək olmasıdır. Orqanik məhsulların yetişdirilməsi daha çox əmək və xərc tələb etdiyindən, qiymətləri də yüksək olur.
Lakin bu çətinliklərlə yanaşı, böyük imkanlar da var. İnsanların sağlam həyat tərzinə marağı artdıqca, bu sektora tələbat da artacaq. Biz də bu imkanlardan yararlanaraq keyfiyyətli məhsullarımızı daha geniş kütləyə çatdırmağı hədəfləyirik.
— Bu sektora bir qədər uzaq biriyəm. Amma araşdırma edərkən gördüm ki, sağlam qida bazarında rəqabət getdikcə yüksəlir. Brendinizi digər oxşar məhsullar təklif edən şirkətlərdən nə ilə fərqləndirirsiniz və müştəri loyallığı burada çox önəmli faktordur. Bu loyallığı necə qoruyursunuz?
Doğrudur, sağlam qida bazarında rəqabət getdikcə artır. Bu, təbii bir prosesdir və biz bunu müsbət qarşılayırıq. Çünki rəqabət keyfiyyətin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur, bu da istehlakçılar üçün faydalıdır.
Bizi digər şirkətlərdən fərqləndirən əsas cəhətlər bunlardır:
Biz yalnız qida satışı ilə məşğul deyilik, eyni zamanda insanları sağlam həyat tərzi haqqında məlumatlandırırıq. Media yayım fəaliyyətimiz sayəsində insanlara düzgün qidalanma, fiziki aktivlik və zehni sağlamlıq mövzularında məlumat veririk.
Məhsullarımızın keyfiyyətinə çox ciddi yanaşırıq. Yerli istehsalçılarla əməkdaşlıq edirik və məhsulların yetişdirilməsi vəya hazırlanması proseslərini diqqətlə izləyirik.
Müştəri məmnuniyyəti bizim üçün ən vacib prioritetdir. Hər bir müştərimizin rəyini və təklifini diqqətlə dinləyirik və xidmətimizi daim təkmilləşdirməyə çalışırıq.
Müştəri loyallığını qorumaq üçün hər zaman ən keyfiyyətli məhsulları təklif edirik və müştərilərimizə hər zaman dəstək olmağa hazırıq.
—Şirkətinizlə ilk tanış olarkən onun “Haqqımızda” bölməsində məhsullarınızda yerli inqrediyentlərdən istifadə etdiyinizi qeyd etdiyinizi gördük. Artıq aqrar sektorda da texnoloji təsir yan keçməyib. Yerli və orqanik materialların təchizatı ilə bağlı hər hansı problem yaşamısınız?
Bəli, “Haqqımızda” bölməsində qeyd etdiyimiz kimi, məhsullarımızda yerli inqrediyentlərdən istifadə edirik. Yerli istehsalçılarla əməkdaşlıq etmək bizim üçün çox vacibdir. Bu, həm yerli iqtisadiyyata dəstək olmaq, həm də məhsulların nutriyent cəhəddən daha bol olması təmin etmək baxımından əhəmiyyətlidir.
Təəssüf ki, aqrar sektorda texnoloji təsirlər hər zaman müsbət olmur. Genetik modifikasiya olunmuş məhsulların yetişdirilməsi geniş yayılıb və bu, təbiətin tarazlığını pozur. Biz bu cür məhsullardan istifadə etməkdən yayınırıq və orqanik məhsullara üstünlük veririk.
Yerli və orqanik materialların təchizatı ilə bağlı bəzi çətinliklər yaşayırıq. Orqanik məhsulların yetişdirilməsi daha çox əmək və xərc tələb edir. Lakin bu çətinliklərə baxmayaraq, keyfiyyətdən ödün vermir və yalnız orqanik məhsullar təklif edirik.
— Dəyişən istehlakçı tələblərinə necə cavab verirsiniz və şirkətinizdə yeni məhsulların inkişafında innovasiyanın rolu nədən ibarətdir?
İstehlakçı tələbləri daim dəyişir və biz bu dəyişikliklərə çevik şəkildə uyğunlaşmağa çalışırıq. Bunun üçün müştərilərimizin rəylərini və təkliflərini diqqətlə dinləyirik, bazar araşdırmaları aparırıq və yeni trendləri izləyirik.
Yeni məhsulların inkişafında innovasiya bizim üçün çox vacibdir. Daim yeni və maraqlı məhsullar təklif etməyə çalışırıq.
Bundan əlavə, müştərilərimizə daha rahat xidmət göstərmək üçün texnoloji imkanlardan istifadə edirik. Marketpleys saytımız və sosial şəbəkələrdə yazışma vasitəsilə müştərilərimiz asanlıqla sifariş verə və məhsullarımızı əldə edə bilirlər.
— Bilirik ki, orqanik və təbii məhsullar adətən daha bahalı olur. Saytda bir çox məhsullarınız bazardakı digərləri ilə müqayisədə bir qədər bahalıdır. Bəs istehlakçılardan geri dönüş necədir? Məhsularınız necə dəyərləndirilir?
Doğrudur, orqanik məhsullar adətən daha bahalı olur. Bunun əsas səbəbi orqanik kənd təsərrüfatının daha çox əmək və xərc tələb etməsidir. Orqanik məhsullar kimyəvi və ya genetik modifikasiya müdaxilə edilmədən yetişdirilir, bu da məhsuldarlığı azaldır və xərcləri artırır.
Lakin biz müştərilərimizə mümkün qədər əlçatan qiymətlər təklif etməyə çalışırıq.
İstehlakçılardan aldığımız rəylər çox müsbətdir. Müştərilərimiz məhsullarımızın keyfiyyətini və dadını yüksək qiymətləndirirlər. Biz həmçinin müştərilərimizə məhsullarımızın faydaları barədə də izah etməyə çalışırıq.
—Bu biznesə bir qədər “çətin dövrdə” ayaq qoymusunuz. Məsələn, hazırki qlobal iqtisadi şərait, inflyasiya və təchizat zənciri problemləri biznes əməliyyatlarınıza və qiymət strategiyanıza necə təsir edib?
Dünyada baş verən iqtisadi proseslər, təbii ki, bizim biznesimizə də təsir edir. Lakin biz bu çətinliklərin öhdəsindən gəlmək üçün çevik strategiyalar həyata keçiririk. Ümumiyyətlə, çətinliklərə baxmayaraq, biz nikbinik və şirkətimizin gələcəyinə inanırıq.
— Şirkətiniz sağlamlığa yalnız qida ilə deyil, həm də psixoloji və emosional əhval-ruhiyyə ilə kömək olursunuz. Bu vizyonu dəstəkləyən hər hansı tərəfdaşlarınız varmı?
Bəli, biz sağlamlığa kompleks şəkildə yanaşırıq. Yalnız qida deyil, həm də psixoloji və emosional sağlamlıq da vacibdir. Bizim media yayım fəaliyyətimizdə, müxtəlif sahədə mütəxəssislər və həkimlər tərəfindən dəstək olmaq və müştərilərimizə psixoloji və fiziki sağlamlıq mövzularında məsləhətlər vermək məqsədi ilə cəlb edirik.
Bundan əlavə, sağlam həyat tərzi təbliğ edən müxtəlif təşkilatlarla da əməkdaşlıq etməyə başlamışıq.
— Hazırda uzun prespektivdə ölkə iqtisadiyyatı üçün digər müstəsna faktor ixracdır. Gələcəkdə genişlənmə və ya yeni bazarlara daxil olma planlarınız varmı? Necə deyərlər “Made in Azerbaijan” brendinə sizin də brend dəstək ola bilərmi?
Bəli, gələcəkdə genişlənmə və yeni bazarlara daxil olma planlarımız var. Hazırda daxili bazarda mövqeyimizi gücləndirməyə çalışırıq, lakin uzunmüddətli perspektivdə məhsullarımızı xarici bazarlara da çıxarmağı hədəfləyirik.
“Made in Azerbaijan” brendinə dəstək olmaq bizim üçün böyük şərəf olardı. Keyfiyyətli və orqanik məhsullarımızla Azərbaycan brendinin dünyada tanıdılmasına töhfə verə biləcəyimizə inanırıq. Bunun üçün beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal etmək və xarici bazarlarda rəqabətədavamlı olmaq üçün çalışırıq.
İxrac planlarımız arasında ilk olaraq qonşu ölkələrin bazarlarına daxil olmaq, daha sonra isə Avropa və digər regionlara yönəlmək fikrindəyik.
— İlham bəy, müsahibə üçün təşəkkürlər.
Buyurun, mən təşəkkür edirəm.