Hesabat dövründə muxtar respublika üzrə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 98 müqavilə bağlanıb, 105 icarə müqaviləsinin müddəti uzadılıb. Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 289,6 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.
Bunu oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatında bildirib.
Abbas İsmayılov qeyd edib ki, 2024-cü ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 156 qeyri-yaşayış obyekti, 9 torpaq sahəsi, 11 nəqliyyat vasitəsi olmaqla 176 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Hesabat dövründə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sayı 4,2 dəfə, torpaq sahələrinin sayı 4,5 dəfə, nəqliyyat vasitələrinin sayı isə 1,3 dəfə artıb.
Naxçıvan Muxtar Respublikasında cari ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 1,9 milyon manatdan çox olub. Bu barədə də məlumat verən A.İsmayılov deyib: “2023-cü ilin müvafiq dövrü ilə müqayisədə özəlləşdirmədən muxtar respublika büdcəsinə daxilolmalar 2 dəfə artıb. Hesabat dövründə hərraclar vasitəsilə 43 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur”.