“Bank of Baku” doqquz aya ₼20 milyon xalis mənfəət açıqladı

“Bank of Baku” ASC 2024-cü ilin ilk 9 ayı ərzində 20.04 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd edilir.

Belə ki, 2023-cü ilin ilk 9 ayında Bankın mənfəəti 24.31 milyon manat olmuşdu.

Bankın faiz gəlirləri 2024-cü ildə 112.6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründə olan 94.1 milyon manatla müqayisədə 19.7% artım deməkdir.

Əsas artım müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirlərindədir – bu göstərici 2024-cü ildə 105.7 milyon manat olub.

Faiz xərcləri isə 2023-cü ilin ilk 9 ayında 29.3 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 40.7 milyon manata yüksəlib. Bu da təxminən 39%-lik artıma bərabərdir. Depozitlər üzrə faiz xərcləri bankın ümumi faiz xərclərinin böyük hissəsini təşkil etməkdədir və bu göstərici 2024-cü ildə 38 milyon manat olub, ötən illə müqayisədə 36.8% artıb.

Qeyri-faiz gəlirləri 2024-cü ilin ilk 9 ayında illik 35.4% artımla 13 milyon manat olub, qeyri-faiz xərcləri isə 22.5% artaraq 61.7 milyon manat olub.

Bankın komissiya gəlirləri qeyri-faiz gəlirlərinin artımının əsasını təşkil edib. Komissiya gəlirləri 12.6 milyon manat təşkil edib, bu da keçən ilki 9.5 milyon manata nisbətən 32.1%-lik artımdır.

Bankın hesabat müddətində əməkhaqqı və digər kompensasiya xərcləri 23.7 milyon manata yüksəlməklə illik 6.3%-lik artıb.

BANK BÖYÜYÜR…

“Bank of Baku” ASC-nin aktivləri ilin əvvəlindən 5.6% artımla 919.51 mln. manata, öhdəlikləri 5.2% artımla 769.81 mln. manata, cəmi kapitalı isə 7.7% artımla 149.7 mln. manata yüksəlib.

Bankın müştərilərə verilmiş kreditləri ilin əvvəlindən 13.9% artaraq 1 oktyabr 2024-cü il tarixinə 750.6 mln. manata yüksəlib. Bankın əsas portfelini formalaşdıran istehlak kreditləri cari ildə 18.7% artaraq 564.98 mln. manata çatıb. Biznes kreditləri 139.04 mln. manat (ilin əvvəlindən: -6.1%),  daşınmaz əmlak kreditləri 46.58 mln. manat (33.5%) olub.

Bank müştərilər qarşısında inamını yükəltməkdədir. Məsələn, depozitlər doqquz aya 10.8% artım sərgiləməklə 571.34 mln. manata çatıb. Bunun da 517,64 mln. manatı fiziki şəxslərin depozitləri, 53,7 mln. manatı isə hüquqi şəxslərin depozitlərindən ibarətdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər