Ölkənin TOP5 bankına daxil olan “Bank Respublika” ASC-nin 2024-cü ilin ilk üç rübündə gəlirlərinin xərclərə nisbətən daha çox yüksəlməsi fonunda xalis mənfəəti də əhəmiyyətli artım nümayiş etdirib.
Banker.az “Bank Respublika”nın 2024-cü ilin yanvar-sentyabr dövrü üzrə hesabatına istinadən xəbər verir ki, bank dövr ərzində 49.72 milyon manat xalis mənfəət əldə edib. Bu, 2023-cü ilin eyni dövründəki 34.26 milyon manatla müqayisədə 45% artımdır.
2024-cü ilin ilk doqquz ayında bankın cəmi gəlirlərinin həcmi 200.73 mln. manata çatmaqla öncəki ildəki 166.26 mln. manatı 21% üstələyir. Bunun da 172.62 milyon manatı faiz gəlirləri (illik: 25.3% artım), 21.77 milyon manatı isə qeyri-faiz gəlirləri (5.2% artım) olub.
Əsas faiz gəliri mənbəyi müştərilərə verilmiş kreditlərdir. Bu kateqoriya üzrə gəlir 2024-cü ildə 145.13 milyon manat olub, ötən ilin eyni dövründə isə 118.97 milyon manat idi. Yəni 2024-cü ildə müştərilərə verilmiş kreditlərdən gələn faiz gəlirləri 22% artıb.
Faiz xərcləri isə 2024-cü ilin yanvar-sentyabr aylarında 63.18 milyon manat olub, 2023-cü ildə bu göstərici 53.81 milyon manat idi. Bu da faiz xərclərinin 17.4% artmasını göstərir.
“Bank Respublika”nın bu mənfəətindən sonra onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 1 oktyabr tarixinə 87.4 mln. manat təşkil edib və bu da bankın kapitalının güclü mövqedə dayanması üçün əsasdır. Bankın hazırda 186.01 mln. manat xalis aktivləri var ki, bunun da cəmi 73.96 mln. manatı səhm kapitalıdır.
Qeyd edək ki, “Moody’s” reytinq agentliyi 2024-cü ilin iyulunda “Bank Respublika”nın Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqini b2 səviyyəsində təsdiq edib.
2024-cü ilin may ayına olan məlumata görə, “Bank Respublika” 4,4% bazar payı ilə Azərbaycanın beşinci ən böyük bankıdır. Agentlik “Bank Respublika”nı sabit bazar göstəriciləri və ölkənin bu sektoru üçün sistem əhəmiyyətli bank hesab edir. Bankın mümkün maliyyə gərginliyi zamanı hökumət sistem əhəmiyyətliliyini nəzərə alaraq ona maliyyə dəstəyi verir. Sistem əhəmiyyətli banka çevrilməsi ilə onun əmanətçiləri üçün əhəmiyyətinin artdığı bildirilir və bu dəstək bankın uzunmüddətli depozit reytinqlərinin b2 BCA səviyyəsindən bir pillə yüksəlməsinə səbəb olub.
“Bank Respublika”nın b2 kredit ödəməsi (BCA) 2023-cü ilin sonuna cəmi 1.4% problemli kreditlər, geniş likvidlik və son illərdə nümayiş etdirilən sabit gəlirlilik, geniş, 7%-dən yuxarı faiz marjası ilə dəstəklənən möhkəm aktiv keyfiyyəti ilə dəstəkləndiyi bildirilib.