22 C
Baku
Thursday, October 17, 2024

“Rafa Group” uşaq bezləri və salfet kağızlarının istehsalı müəssisəsini aldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışı həyata keçirilib. Müəssisə uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşıb.

Banker.azDövlət Xidmətinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Rafa Group” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15.000.000 manat vəsaiti köçürülməli, 5 il ərzində müəssisədə 10.800.000 manat həcmində İnvestisiya Proqramını icra etməlidir.

Proqram çərçivəsində investor tərəfindən müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması planlaşdırılır.

Bununla yanaşı, İnvestisiya Proqramı çərçivəsində müəssisədə ən azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Turanozbahceci.com saytında verilən məlumata görə, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və “Özbahçeci” tərəfindən bir sıra layihələr həyata keçirilir. Belə ki, 2016-cı ildən fəaliyyət göstərməyən “Kağız Məhsulların Emalı” fabriki 2020-ci ilin aprel ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçmiş və həmin andan etibarən Korporasiya qeyd olunan fabrikin biznes mühitinə geri qaytarılması istiqamətində aktiv şəkildə fəaliyyətə başlamışdır. Bu məqsəd ilə dövlət və özəl əməkdaşlığı çərçivəsində bir neçə investorlar ilə görüşlər keçirilmiş, aparılan müzakirələr və təhlillər nəticəsində “Özbahçeci” imzası altında “Rafa Group” MMC ilə birgə fəaliyyətin təşkil olunması qərarlaşdırılmışdır.

Fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü 218 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 428 milyon ədəd təşkil edir.

Son xəbərlər
Digər xəbərlər