14 C
Baku
Thursday, November 21, 2024

İqtisadi inteqrasiya formaları

Müəllif: Xətai Alı.

 İkinci dünya müharibəsinin sona çatması ilə bir tərəfdən soyuq müharibə – qütbləşmə, digər tərəfdən ölkələr arasında ciddi inteqrasiya prosesi başlandı. Sovetlər birliyinin dağılması ilə dünya ölkələrinin iqtisadi-siyasi-mədəni inteqrasiyası daha da sürətləndi. 

 Dünyada gedən qloballaşma prosesi ilə dünyamız bir “kənd” halına gəldi. Elmi–texniki tərəqqinin nəticəsi olaraq bu gün, dünyanın hər hansı bir nöqtəsində baş verən hadisədən qısa zamanda bütün dünya xəbər tutur və təsirə məruz qalır. Artıq hər hansı bir ölkədə baş verən iqtisadi-siyasi böhran sadəcə o ölkənin problemi olmaqdan çıxıb, bütün dünyanın problemi halına gəlmişdir.

Qloballaşma ilə gücünü daha da artıran, dünyada getdikcə daha  aydın şəkildə hiss olunan iqtisadi-siyasi-mədəni inteqrasiya gün keçdikcə daha mürəkkəb hal alır. Məlumat üçün bildirim ki, inteqrasiya ölkələrin zaman keçdikcə həm iqtisadi, həm də siyasi və mədəni baxımdan yaxınlaşması, bütünləşməsi prosesidir.

İqtisadi inteqrasiyanın bütünləşmə dərəcələrinə görə fərqli formaları mövcuddur:

1)    Sərbəst Ticarət Bölgəsi – tərəf ölkələr öz aralarında bütün gömrük rüsumlarını və miqdar kvotalarını aradan qaldırırlar. Bununla belə, üçüncü ölkə qaynaqlı idxal mallarına qarşı sərbəst olaraq gömrük tarifləri tətbiq etmək haqqına sahibdirlər.

2)    Gömrük Birliyi – tərəflər aralarındakı gömrük tarifləri və miqdar kvotalarının ləğv edilməsi ilə birlikdə üçüncü ölkələrə qarşı ortaq gömrük siyasəti yeritmək öhdəliyi götürmüş olur.

3)    Ortaq Bazar – tərəflər gömrük birliyində qəbul edilən malların sərbəst hərəkəti ilə birlikdə, öz aralarında istehsal faktorlarının (əmək, sərmayə) da sərbəst hərəkətinə icazə verilməsi öhdəliyini götürürlər.

4)    Iqtisadi Birlik və Pul Birliyi – tərəflər ortaq bazar elementlərinin qəbulundan əlavə ölkələrin maliyyə və pul siyasətinin də bütünləşməsini, ortaq maliyyə və pul siyasətinin tətbiqini qəbul edirlər.

 İlk baxışda inteqrasiya prosesi nisbətən sadə proses kimi görünsə də, əslində olduqca mürəkkəb və qarışıq prosesdir. İnteqrasiya prosesinə daxil olan ölkələrin hər biri öz ölkəsinin maraqları baxımından hərəkət edir və bu prosesdən maksimum dərəcədə yararlanaraq, maksimum fayda əldə etməyə çalışır. Məhz belə maraqların toqquşmasının nəticəsidir ki, proses bir neçə il, bəzən bir neçə onillik zaman müddətində baş verir, bəzən də ümumiyyətlə uğursuzluğa düçar olaraq nəticəsiz qalır. Zənnimcə, qardaş Türküyənin Avropa Birliyinə inteqrasiya prosesi ən bariz nümunədir.Üzvlük üçün müraciətdən otuz ildən çox müddət keçsə də, adı çəkilən ölkə bu quruma üzv ola bilməmişdir. Türküyə nümunəsində görünür ki, bir inteqrasiya prosesi nə qədər mürəkkəb və üzun bir prosesdir.

Ölkələr arasında inteqrasiya ilə ölkələr nə əldə edir? Nə üçün ölkələr inteqrasiyada maraqlıdır? Bir inteqrasiyanın üzv ölkə baxımından hansı fayda və zərərləri vardır? Növbəti yazilarımızda bu sualların cavabını verməyə çalışacağıq.

Son xəbərlər
Digər xəbərlər