Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.
Fonddan verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 mln. 864 min manatdan artıq kompensasiya ödənilib.
30 iyul 2007-ci ildən Fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Sığorta hadisəsi baş vermiş “Gəncəbank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 749 min manatdan artıq kompensasiya ödənilib.
Ərizə formalarını “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank”ın filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
APA-Economics