14 C
Baku
Sunday, November 24, 2024

Neft gəlirlərinin idarə olunmasında Norveç Modeli

Müəllif: Xətai Alı.

Neft gəlirlərinin idarə olunması mövzusu günümüzdə, xüsusən neft hasilatçısı ölkələr üçün çox aktualdır. Gəlirləri idarə olunması təcrübəsində bir neçə ölkə modeli mövcuddur.

Lakin, bu modellər içində Norveç modeli daha çox diqqət cəlb edir.

Norveç neft hasilatından əldə etdiyi sərvəti – hər Norveçliyə 75000$ – 42 müxtəlif bazarda, 31 ölkə valyutasında qiymətləndirmişdir. 

Bu fondu dünyanın digər fondlarından fərqləndirən əsas xüsusiyyət onun strategiyası və investisiyalarla bağlı cəmiyyətə verdiyi məlumat həcmidir. İldə 4 dəfə, rüblük olaraq fondun nəticələri və üzləşdiyi risklər haqqında parlament və ictimaiyyət qarşısında hesabat verilir.

Norveç təcrübəsinin digər fond və dövlətlərin marağını cəlb etməsindəki digər səbəb fond vəsaitlərinin idarə olunmasından əldə etdiyi qazancdır. Fond ötən il vəsaitlərin idarə olunmasından 7.9%, keçən onillik ərzində isə ortalama olaraq illik 6.5% gəlir əldə etmişdir. Bu gəlirdən inflyasiya, xərclər və idarəetmə ödənişləri çıxarılarsa ortalama illik gəlir 4.6% – dir.

Norveç modelində gəlirlərin toplanması və idarə olunmasının dayandığı qanunverici baza yaxın tarixdə qəbul olunan Dövlət Pensiya Fondu – Qlobal aktıdır (The Government Pension Fund – Global, 21 dekabr 2005 – ci il, No123). Akta əsasən Fondun əsas məqsədi mərkəzi hökümətin maliyyə ehtiyyatlarını qoruyub saxlamaq, uzun müddətdə dövlət neft gəlirlərinin istifadəsi imkanı yaratmaq və pensiya xərclərini maliyyələşdirməkdir. Gəlirlərin idarə olunması sistemi elə qurulmalıdır ki, həm indiki, həm də gələcək nəsil neft gəlirlərindən yararlanma imkanına sahib olsun.
Fond maliyyə nazirliyinin mülkiyyətindədir. Bununla belə fondun ehtiyyatları Mərkəzi Bankda açılan hesabda toplanılır və vəsaitlərin idarəsi Mərkəzi bank nəzarətində aparılır.

Fondun gəlirləri neft fəaliyyətlərindən alınan bütün vergi gəlirləri (ümumi vergi  – 28% və xüsusi vergi – 50%) və royaltidən  gələn gəlirlər, neft fəaliyyətləri nəticəsində atmosferə buraxılan zərərli maddələrin (CO2, NOx) miqdarına görə toplanılan vergi gəlirləri, neft fəaliyyətlərində dövlətin birbaşa iştirak payından əldə edilən mənfəət, yarı dövlət şirkəti olan Statoildan alınan gəlir payları, Statoildakı dövlət səhmlərinin satılmasından yaranan gəlir, mərkəzi hökümətin istehsal lisenziyalarından əldə etdiyi gəlir, Neft Sığorta Fondundan transferlər və neft fəaliyyətlərindən dövlətin birbaşa iştirak payının satışından əldə edilən gəlir nəticəsində formalaşır.

Digər tərəfdən, Fondun gəlirlərindən mərkəzi hökümətin neft fəaliyyətlərinə birbaşa investisiya xərcləri, Neft Sığorta Fondu ilə əlaqəli xərclər, materik şelfində quraşdırılmış qurğuları kənarlaşdırma və yaxud alternativ istifadə zamanı çəkilən xərclər, neft fəaliyyətlərində dövlətin birbaşa iştirak payına əlavə səhmlərin alınması xərcləri, Statoilda əlavə səhm alışı zamanı ödənən məbləğ, dövlətin neft fəaliyyətlərindəki payıyla əlaqəli fəaliyyət göstərən     Statoil və digər şirkətlərə kapital yardımları çıxılır.

Göründüyü kimi, Norveçin neftlə bağlı bütün mədaxil və məxaric əməliyyatları fond vasitəsilə aparılır ki, bu da idarəetmənin effektiv olmasına zəmin yaradır. Qənaətimizcə, bu təcrübənin dünyadakı digər neft istehsalçısı ölkələr tərəfindən öyrənilməsi və ondan istifadə olunmasında böyük yarar vardır.

Son xəbərlər
Digər xəbərlər