14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Oktyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçikanın nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Xalqlararası təmasların inkişafında mədəniyyət və təhsil kimi sahələrdə mübadilələrin artırılmasının səmərəli olacağı bildirilib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə regional məsələlər də diqqət mərkəzində olub. Qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

Son xəbərlər
Digər xəbərlər