Avropa Parlamenti plenar iclasında Avropa Komissiyasının Ukraynaya təklif etdiyi 35 milyard avro məbləğində kreditin ayrılması mexanizmini təsdiqləyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
Kreditin lehinə 518 deputat, əleyhinə 56 deputat səs verib, daha 61 deputat bitərəf qalıb. Qeyd edilir ki, vəsaitin verilməsi Kiyevin effektiv demokratik mexanizmləri dəstəkləmək, insan hüquqlarına hörmət etmək və anlaşma memorandumunda əksini tapacaq digər şərtlərlə bağlı öhdəliyindən asılıdır.
Xatırladaq ki, may ayında Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını təsdiqləyib. Oktyabrın 22-də “Nikkei Asia” qəzeti mənbələrə istinadən yazıb ki, G7 ölkələri Ukraynadakı münaqişə bitdikdən sonra belə Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə qoymağı planlaşdırır. Assosiasiya rəhbərlərinin bu barədə oktyabrın sonuna kimi açıqlaması gözlənilir. Moskva Rusiya aktivlərinin bloklanmasını qanunsuz hesab edir.