“Tesla” səhmlərinin rekord artımı şirkətin sahibi, amerikalı iş adamı İlon Maska bir gündə sərvətini 33.5 milyard dollar artırmağa imkan verib. Qeyd edək ki, milyarder 270 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanları reytinqində birinci yerdədir.
Oktyabrın 24-də “Nasdaq” birjasında əsas ticarət sessiyasından sonra “Tesla” səhmlərinin qiyməti 21.92% artaraq hər səhm üçün 260.48 dollar təşkil edib. Şirkətin kotirovkalarındakı bu artım 11 ilin rekordu olub.
“Reuters” yazır ki, səhmlərin artımı Maskın 2025-ci ildə “Tesla” avtomobillərinin satışını 20-30% artırmaq barədə açıqlaması fonunda baş verib. Həmin gün “Tesla” üçüncü rübdə xalis mənfəətinin 17% artdığını, keçən ilin eyni dövründəki 1.85 milyard dollardan sonra 2.17 milyard dollar təşkil etdiyini bildirib.
İyul-sentyabr aylarında “Tesla” elektrik avtomobillərinin istehsalı 9.1% artaraq 469 796 ədədə çatıb.