16 C
Baku
Monday, October 28, 2024

“Tramp effekti” Avropa iqtisadiyyatına necə təsir edəcək? – “Financial Times”

“Financial Times” yazır ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gələrək Ağ Evə qayıdacağı təqdirdə, idxal rüsumlarını kəskin şəkildə artıracağı vədi avtomobil və lüks mal istehsalçıları da daxil olmaqla, bir sıra Avropa şirkətlərinin səhmlərinə mənfi təsir göstərib.

İngiltərənin “Barclays” bankının analitikləri “LVMH” və “Volkswagen” də daxil olmaqla 28 Avropa şirkətindən ibarət “səhmlər səbətini” tərtib ediblər. Sentyabrın sonundan etibarən onun dəyəri 7% azalıb, “FT” yazır.

Bu səbətdə olan bir neçə şirkət gəlirlərinin 30%-dən çoxunu ABŞ-də qazanır, o cümlədən yük maşını istehsalçısı “Daimler Truck”, kimya şirkəti “Arkema” və spirtli içki istehsalçısı “Diageo”.

Tramp qələbə qazanacağı təqdirdə Avropaya 20%, Çinə isə 60% rüsum tətbiq edəcəyini bildirib. Beynəlxalq Valyuta Fondu (BVF) bu cür siyasətin qlobal iqtisadi artıma zərər verə biləcəyi barədə xəbərdarlıq edib. ABŞ-nin Maliyyə Naziri Janet Yellen, kəskin yüksəldilmiş tariflərin “yanlış yanaşma” olduğunu və bunun istehlakçılara və ixracata mənfi təsir edəcəyini söyləyib.

ABŞ və Avropa İttifaqı arasında ticarət əlaqələrindən danışan Tramp Aİ-ni “mini-Çin” adlandırıb. “Maşınlarımızı götürmürlər, kənd təsərrüfatı məhsullarımızı götürmürlər, heç nə götürmürlər. Aİ ilə 312 milyard dollar kəsirimiz var. Bilirsiniz, Aİ mini-Çindir, hətta o da deyil”, – siyasətçi oktyabrın 24-də deyib.

2018-ci ildə, prezident kimi ilk müddətində Tramp milli təhlükəsizlik baxımından Aİ və digər ölkələrdən 6.4 milyard avroluq polad və alüminium idxalına tariflər tətbiq edib. Avropa Birliyi buna cavab olaraq ildə 2.8 milyard avro dəyərində bir sıra ABŞ mallarına idxal rüsumları qəbul edib.

Co Bayden prezident olduqdan qısa müddət sonra bu tariflər qismən ləğv edilib. “Politico”ya görə, Aİ Trampın qalib gələcəyi təqdirdə ABŞ ilə daha böyük ticarət müharibəsinə və “sürətli və sərt cavab tədbirinə” hazırlaşır.

Son xəbərlər
Digər xəbərlər