13 C
Baku
Friday, November 22, 2024

Aİ Azərbaycandan qaz təchizatını artırır: Bloomberg yeni razılaşmanın yaxınlaşdığını yazır

Avropalı alıcılar, Rusiya və Ukrayna arasında olan tranzit sazişi ilin sonunda başa çatdıqdan sonra təbii qazın qitəyə çatdırılmasını davam etdirmək üçün Azərbaycanla kommersiya razılaşmasına yaxınlaşır.

Banker.az xəbər verir ki, bu barədə məsələdən xəbərdar olan mənbələrin Bloomberg agentilyinə məlumat veriblər.

Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qaz almaq üçün müqavilə imzalamaq üzrədir. Bu qaz, hal-hazırda Rusiya qazını Ukrayna vasitəsilə Avropa İttifaqına daşıyan eyni boru kəməri şəbəkəsindən istifadə edilərək nəql ediləcək.

Təchizat Avropanın hal-hazırda tranzit sazişi çərçivəsində aldığı tədarükləri əvəz edəcək. Müqavilənin həyata keçməsi üçün Azərbaycan və Rusiya arasında “svop sazişi” tələb olunur, çünki Azərbaycan mövcud tədarükləri əvəz etmək üçün kifayət qədər ixrac potensialına malik deyil, deyə Bloomberg qeyd edib.

Dekabr üzrə qaz fyuçerslərinin qiymətləri bu danışıqlardakı irəliləyiş xəbəri fonunda 8.1% qədər ucuzlaşıb, lakin sonra itkilərin bir hissəsi kompensasiya olunub.

Razılaşma, bazarda son dəyişkənlik fonunda qiymətləri sabit saxlamağa kömək edə bilər, lakin Avropa Komissiyası – Aİ-nin icraedici orqanı – əvvəllər tranzit sazişi bitdikdən sonra regionun enerji təhlükəsizliyinin təhlükə altında olmayacağını bildirib. Slovakiya və Avstriya isə boru kəməri vasitəsilə hələ də Rusiya təchizatını idxal edən Avropa ölkələri arasındadır.

Kommersiya razılaşmasına əsasən, Azərbaycanın dövlət enerji şirkəti SOCAR qazı Rusiya-Ukrayna sərhədindəki Sudzha məntəqəsinə çatdıracaq. Daha sonra Macarıstanın MVM Zrt. və Slovakiyanın Slovensky Plynarensky Priemysel AS şirkətləri qazı Avropaya nəql edəcək. Agentlik əlavə edir ki, hər hansı kommersiya razılaşması, Ukrayna qaz şəbəkəsi operatorunun tutumu rezerv etməsi üçün Ukrayna hakimiyyətinin siyasi dəstəyini tələb edir.

Ukraynanın dövlət enerji şirkəti Naftoqaz dərhal şərh verməyib, və Ukraynanın Qaz Nəqliyyat Sistemi Operatoru da şərh verməkdən imtina edib. SOCAR, SPP, MVM də Bloomberg-ə dərhal şərh verməyib.

Avstriyanın OMV AG şirkəti təchizat müqavilələrini şaxələndirdiyini və Rusiyadan qaz tədarükü dayandırılsa belə yanacağı müştərilərinə çatdırmağa davam edə biləcəyini bildirib. Rusiyanın Gazprom şirkəti isə şərh verməkdən imtina edib.

Müharibədən əvvəl Gazprom Avropanın qaz ehtiyacının üçdə birindən çoxunu təmin edirdi, lakin region o vaxtdan bəri təchizatını şaxələndirmək istiqamətində addımlar atıb. İndi Aİ daha çox Norveç, Şimali Afrika, Azərbaycan və qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarından asılıdır.

Razılaşma Ukraynaya boru kəməri şəbəkəsindən istifadə etmək üçün illik təxminən 800 milyon dollar gətirən tranzit haqlarını almağa davam etməyə imkan verəcək. Bloomberg bildirir ki, Azərbaycan üçün isə bu müqavilə Avropa ilə enerji əlaqələrini möhkəmləndirir. Xəzər dənizi ölkəsi artıq Türkiyə üzərindən keçən boru kəməri vasitəsilə qitədəki səkkiz ölkəyə qaz tədarük edir.

 

Son xəbərlər
Digər xəbərlər