Uçot dərəcəsinin əvvəl 3%-dən 5%-ə, indi isə 5%-dən 7%-ə qaldırılması İpoteka Fonduna ipoteka kreditləşdirilməsi sahəsində atmalı olduğu addımlarını daha da çətinləşdirib.
Bunu daşınmaz əmlak bazarı üzrə iqtisadçı-ekspert Rəşad Əliyev Mərkəzi Bank tərəfindən uçot dərəcələrinin artırılmasının ipoteka kreditləşməsinə təsirini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə İpoteka Fondu tərəfindən həyata keçirilən kreditləşmənin taleyi sual altına düşür: “İpoteka Fondunun əvvəl 2 maliyyə mənbəyi var idi – dövlət büdcəsindən ayırmalar və istiqrazların yerləşdirilməsindən əldə edilən borc vəsaitləri. Büdcə ayırmaları birbaşa olaraq sosial ipotekaya yönəldilirdi. Adi ipoteka kreditlərinin mənbəyi isə, əsasən, borc istiqrazlarının yerləşdirilməsindən əldə edilirdi. Əvvəllər İpoteka Fondu istiqrazları orta hesabla 3%-dən yerləşdirirdi. Aşağı uçot dərəcəsi şəraitində Fond buna nail ola bilirdi, halbuki həmin istiqrazlar heç vaxt cəlbedici olmayıb. Uçot dərəcəsinin 7%-ə qaldırılmasından sonra banklar artıq bu istiqrazlara, ümumiyyətlə, maraq göstərməyəcəklər. İstiqrazlar üzrə faiz dərəcəsinin 4% və hətta 5%-ə qədər artırılması isə yenə heç nə verməyəcək. İpoteka Fondu neçə faizə almalıdır ki, kreditləri verəndə həm xərclərini bağlasın, həm də banklara nəsə verə bilsin? Belə olan halda adi ipoteka kreditlərinin nəinki 8%-dən aşağı salınması, hətta həmin faizə verilməsi də sual altına düşür. Hər halda artıq aydındır ki, hazırkı bazar reallıqlarında istiqrazların aşağı faizlə yerləşdirilməsi artıq problemdir.
R.Əliyev vəziyyətdən çıxış yollarını da açıqlayıb: “Bazarda Fondun istiqrazlarından daha etibarlı və daha yüksək gəlirliyə malik olan Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlarlar var. Belə şəraitdə İpoteka Fondunun fəaliyyətinin təmin edilməsi üçün 2 yol qalır. Birinci yol dövlət büdcəsindən ayırmaların artırılmasıdır ki, bu da büdcənin hazırkı durumunda mümkün olmamaqla yanaşı, doğru addım da olmazdı. Büdcənin daha vacib problemləri var. İkinci yol isə həmin istiqrazların birbaşa olaraq aşağı faizlə Mərkəzi Bank tərəfindən əldə edilməsidir. Bu isə əlavə pul emissiyasına bərabər olan addımdır”.
Milli.az