Avropa İttifaqının Ukraynaya 1 milyon mərmi vermək planı bu ilin sonuna qədər tamamlanacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevə səfər edən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin görüşündən sonra Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Danışıqlarda Zelenski Aİ və ittifaqa üzv ölkələrin Ukraynaya göstərdiyi yardıma, xüsusən də 1 milyon mərmi verilməsi qərarına görə minnətdarlığını bildirib. Bundan əlavə, tərəflər Ukrayna ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı fəaliyyət, hərbi yardımın artırılması, G7 qrupunun qərarına uyğun olaraq Kiyevə 50 milyard dollar ayırmaq üçün bütün prosedurların başa çatdırılması kimi məsələləri müzakirə ediblər.
2023-cü ilin martında Avropa İttifaqı Ukraynaya 1 milyon döyüş sursatı tədarük edəcəyinə söz vermişdi. Bu günədək rəsmi Kiyevə 980 mindən çox mərmi təhvil verilib.