11 C
Baku
Monday, November 25, 2024

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 2053-cü ilədək emissiyaları sıfra endirməyi hədəfləyir

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirinə ən çox məruz qalan dövlətlər sırasındadır. Ölkəmiz 2053-cü ilədək atmosferə zərərli emissiyaların sıfra endirilməsi və ekoloji cəhətdən təmiz inkişaf məqsədinə uyğun olaraq iqtisadiyyatın əsas sahələrinin yaşıl transformasiyası istiqamətində mühüm addımlar atır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti çıxışına BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunması münasibətilə Azərbaycan dövlətinin başçısını təbrik etməklə başlayıb. “Səmimi qəbula və tədbirin uğurlu təşkilinə görə qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim”, – deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.

Siyasətçi Ankaranın Yaşıl Maliyyələşmə Strategiyasının həyata keçirilməsi və Milli Yaşıl Taksonomiyanın işlənib hazırlanması üzrə səylərinə diqqət çəkib. “Biz tezliklə parlamentə emissiyaların ticarət sistemini də ehtiva edən yeni iqlim qanun layihəsini göndərəcəyik”, – deyən Türkiyə lideri Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində Ankaranın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyinə (BMT İDÇK) ikiillik “Şəffaflıq Hesabatı” və ölkənin uzunmüddətli iqlim strategiyasının mətnini təqdim etdiyini qeyd edib.

Prezident qeyd edib ki, Türkiyə 2024-2030-cu illər üçün İqlim dəyişmələrinin yumşaldılması və onlara uyğunlaşma üzrə Fəaliyyət Planını həyata keçirir. Bununla yanaşı, ölkənin enerji sektorunda bərpaolunan enerji mənbələrinin payı 59 faizə çatıb.

“Atmosferə zərərli emissiyaların sıfra endirilməsi məqsədinə nail olmaqda əsas prioritetlərimiz bərpaolunan enerji mənbələrinə arxalanmaq, enerji səmərəliliyini və nüvə enerjisini artırmaqdır”, – deyə Türkiyə lideri bildirib.

Bundan əlavə, Prezident Ərdoğan dünya ölkələrini Ankaranın 2026-cı ildə Türkiyədə COP31-ə ev sahibliyi etmək təklifini dəstəkləməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər