Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində “İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri” mövzusunda panel müzakirə keçirilib.
Tədbirdə ötən il planetimizdə 24 milyon insanın su çatışmazlığından əziyyət çəkdiyi deyilib.
Azərbaycan hökumətinin bu qlobal problemə diqqəti yüksək qiymətləndirilib. COP29-un nəticəsiz olmayacağı bildirilib.
COP29-un Prezidenti Muxtar Babayev çıxışı zamanı deyib ki, Azərbaycan Kolumbiya və Səudiyyə Ərəbistanı ilə birlikdə həm iqlim dəyişikliyi, həm də quraqlığa qarşı mübarizə aparacaq:
“Bu gün iqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizin bu sahədəki vəziyyətini göstərir. Su bu problemlərin həllinin açarıdır. COP29-un Prezidentliyi dövründə biz Pakistanda faciəvi daşqınların şahidi olduq. İqlim dəyişikliyinin fəsadları Azərbaycanda da özünü göstərir. Tək Azərbaycan yox, digər Xəzəryanı ölkələr də dənizin bu vəziyyətindən narahatdır. Ötən il planetdə qeydə alınan istilər nəticəsində son 50 ildə buzlaqların ən yüksək dərəcədə ərimə prosesi qeydə alınıb. Burada iştirak edən bütün təşkilatlara təşəkkür edirik. Biz fəaliyyətimizin ardıcıllığını təmin etmək üçün Bakı təşəbbüsünü işə salacağıq”.
Sonda Muxtar Babayev bütün iştirakçı ölkələri iqlim dəyişikliyinin zərərli təsirlərinin aradan qaldırılmasına yönələn səyləri daha da aktivləşdirməyə çağırıb.
Tədbir mətbuata qapalı davam etdirilib.