Avro bir illik minimum səviyyələrə enib və bu, valyutanın 1 ABŞ dolları səviyyəsinə enə biləcəyi ehtimallarını yenidən gündəmə gətirir. Donald Trampın ABŞ-da seçkini qazanması Avrozona iqtisadiyyatına yeni bir zərbə vuracaq tariflərin artımını gündəmə gətirir.
Banker.az xəbər verir ki, avronun təxminən 1.05 dollar səviyyəsində olması ilə, avro sentyabr ayında iqtisadi perspektivin zəifləməsi nəticəsində 6% dəyər itirib.
Avro-dollar dünyada ən çox ticarət olunan valyuta cütlüyüdür.
Avronun enməsinə səbəb olan amillərə və valyutanın gələcəkdə nəyə doğru gedə biləcəyinə bir baxış.
1. Avro-dollar paritet (1:1) səviyyəsinə enə bilərmi?
Bu mümkündür. Paritetə yalnız 5% məsafə qalır və avro əvvəllər də bu səviyyənin altında ticarət olunub – bir dəfə 2000-ci illərin əvvəlində və 2022-ci ilin bir neçə ayında, ABŞ faiz dərəcələri avrozona faiz dərəcələrindən daha sürətlə yüksələndə, Avropa isə Ukrayna müharibəsindən sonra enerji qiymətlərindəki artımla mübarizə aparırdı.
Treyderlər üçün 1 dollar səviyyəsi əsas psixoloji səviyyədir. Bu səviyyənin altına enməsi avroya qarşı mənfi əhval-ruhiyyəni artıra və əlavə dəyər itkisinə səbəb ola bilər.
“JPMorgan” və “Deutsche Bank” kimi nəhəng banklar tariflərin səviyyəsindən asılı olaraq avronun paritetə düşə biləcəyini ehtimal edir. Vergi endirimləri ABŞ-da inflyasiyanı artıra və Federal Ehtiyat Bankının faiz endirimlərini məhdudlaşdıra bilər ki, bu da ABŞ dollarını avrodan daha cəlbedici hala gətirər.
Avro/dollar dünyada ən çox ticarət olunan valyuta cütlüyüdür, ardınca dollar/yen və sterlinq/dollar gəlir. Avro/sterlinq və avro/yen də populyardır.
2. Bu, bizneslər və ev təsərrüfatları üçün nə deməkdir?
Zəif valyuta adətən idxal xərclərini artırır. Bu, ərzaq, enerji və xammal qiymətlərinin yüksəlməsinə səbəb ola bilər və inflyasiyanı artırar.
İki il əvvəl iki rəqəmli səviyyəyə çatdıqdan sonra inflyasiya sürətlə düşdüyü üçün valyuta zəifliyinin qiymətlərə təsiri hazırda böyük narahatlıq doğurmamalıdır. Əksər iqtisadçılar 2024-cü ilin sonundakı bəzi dalğalanmalardan sonra inflyasiyanın gələn il 2% hədəfinə qayıdacağını düşünür.
Əksinə, avronun düşməsi ixracı ucuzlaşdırır – bu, Avropanın avtomobil istehsalçıları, sənaye şirkətləri və lüks pərakəndə satış firmaları üçün müsbət xəbərdir, həmçinin xaricdə gəliri olan şəxslər və ya investorlar üçün də faydalıdır.
Bu, xüsusilə Almaniya üçün müsbətdir. Uzun müddətdir Avropanın ixrac mühərriki hesab olunan Almaniya iqtisadiyyatı Çin iqtisadiyyatının zəif olması kimi bir çox çətinliklə üzləşib.
3. İndi hədəf təkcə avrodurmu?
Xeyir. Son altı həftədə ABŞ-ın əsas ticarət tərəfdaşlarının bir çox valyutası tariflərlə bağlı narahatlıqlar səbəbindən sərt zərbə alıb.
Avro 4.5%-dən çox dəyər itirib, Meksika pesosu 6% və Koreya vonu 5.4% dəyər itirib. Avro, əslində, Trampın əvvəlki dövründə 6% yüksəlib, lakin 2016-cı il seçkilərindən sonra altı həftə ərzində təxminən 6% düşdü, daha sonra bərpa oldu.
Yapon yeninə də baxaq. O, dollar qarşısında bu il təxminən 10% dəyər (!) itirib; avro isə bundan iki dəfə az eniş göstərib.
4. Bəs vəziyyət doğurdanmı bu qədər pisdir?
Hamı avro ilə bağlı uzunmüddətli pessimist baxışda deyil. Bir çox banklar pariteti mümkün hesab edir, lakin bu, mütləq mümkün olacaq demək deyil.
Avropa Mərkəzi Bankının (ECB) ABŞ-dan daha sürətli faiz endirimləri avro üçün mənfi təsir göstərər, lakin müsbət tərəfi ondan ibarətdir ki, bu azalma uzunmüddətli dövrdə iqtisadi artım perspektivini yaxşılaşdıraraq valyutanı dəstəkləyə bilər.
Avrozona iqtisadiyyatı əvvəlki üç aylıq dövrlə müqayisədə üçüncü rübdə 0.4% artdı ki, bu da proqnozdan daha yaxşı nəticədir və avro üçün müsbət xəbərdir. Almaniya hökumətinin dağılması və növbəti hökumət dövründə iqtisadiyyata dəstək verən xərclərin mümkün olması da dəstək verə bilər.
“Avropa haqqında hamı bədbindir və biz bu bədbinliyi başa düşürük, lakin bəzi müsbət sürprizlər ola bilər”, – “Edmond de Rothschild” şirkətinin baş investisiya direktoru Benjamin Melman Reutersə bildirib və əhəmiyyətli avro enişini gözləmədiyini əlavə edib.
5. Bu ECB üçün nə deməkdir?
ECB avronun kəskin zəiflədiyi son dövrə nisbətən daha yaxşı mövqedədir – bu, 2022-ci ildə inflyasiyanın kəskin artdığı dövr idi və avronun 1 dollar səviyyəsindən aşağı düşməsi mərkəzi bankı faiz dərəcələrini artırmağa təzyiq göstərirdi.
Bugünkü vəziyyətə gəlincə isə, inflyasiya aşağı istiqamətdədir. Avronun 1 dollara enməsi ECB üçün böyük narahatlıq yaratmaya bilər.
ECB daha çox avronun iqtsadi blokdakı ölkələrinin əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı necə davranmasına diqqət yetirir. Bu baxımdan, avro o qədər də zəif görünmür. Ticarət çəkili avro son həftə ərzində cəmi 1% azalıb və 2022-ci ildə görülən səviyyələrdən xeyli yüksəkdir.
İqtisadçılar həmçinin valyuta dəyişikliklərinin inflyasiyaya təsirinin nisbətən kiçik olduğunu qeyd edirlər, buna görə də avronun zəifləməsi yaxın gələcəkdə faiz endirimlərinin dayandırılmasına səbəb olmamalıdır.