Proqram təminatı istehsalçısı “MicroStrategy” səhm satışından əldə etdiyi 4.6 milyard dollara bitkoin alıb, ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) istinadən “Bloomberg” yazır.
Noyabrın 11-dən noyabrın 17-dək “MicroStrategy” təxminən 51 780 bitkoin alıb. Qeyd edək ki, daha əvvəl, oktyabrın 31-dən noyabrın 10-dək şirkət 27 mindən çox rəqəmsal aktiv əldə edib, həmçinin sentyabrda iki böyük əməliyyat həyata keçirib. Kriptovalyutanı əldə etmək üçün “MicroStrategy” noyabrın 17-nə qədər olan həftədə 13.6 milyon səhm satıb.
“MicroStrategy” hazırda 331 200 bitkoinə sahibdir ki, bu da dövriyyədə olan ümumi həcmin 1.5%-dən çoxunu təşkil edir. Eyni zamanda, “MicroStrategy” kriptovalyuta alışına təxminən 16.5 milyard dollar xərcləyib, “Bloomberg” qeyd edir.
“MicroStrategy” səhmləri Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra 50%-dən çox bahalaşıb. Noyabrın 18-də ticarət gününün sonuna onlar demək olar ki, 13% bahalaşaraq 384.79 dollara çatıb. 2024-cü ilin əvvəlindən şirkətin səhmləri 400%-dən çox artıb.
Bitkoin ABŞ seçkilərindən sonra təxminən 30% bahalaşıb. Donald Tramp dəfələrlə kriptovalyutaya dəstəyini ifadə edib və ABŞ-ni “bitkoin super gücü” etmək planlarını açıqlayıb.
Noyabrın 13-də bitkoinin qiyməti ilk dəfə olaraq 92 000 dolları ötüb, 19 noyabrda Bakı vaxtı ilə saat 12:46-da kriptovalyuta 91 543.5 dollar səviyyəsində ticarət edib.