Azərbaycanda 2024-cü ilin 1 noyabr tarixinə 282.8 min şəxs və ya ümumilikdə ölkə üzrə iqtisadi fəal əhalidə 5.3 faiz payı olan işsizlər var.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatı ötən gün dərc edib.
İşsizlərin sayı oktyabrda təqribən 400 nəfər, ilin əvvəlindən isə 3 600 nəfər azalıb. İlin əvvəlində işsizlik səviyyəsi 5.5 faiz idi. Qeyd edək ki, artıq ikinci aydır ki, işsizlik səviyyəsi 5.3 faizdədir.
DSK bildirir ki, 2024-cü il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 308.1 min nəfər olmuş, onlardan 5 milyon 25.3 min nəfərini məşğul əhali təşkil edib.
Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880.3 min nəfər, qeyri-dövlət sektorunda isə 888.0 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 736.5 min nəfər çalışmışdır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.4 faizi emal sənayesində, 6.9 faizi tikintidə, 3.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.2 faizi təhsil, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.0 faizi istirahət, əyləncə və incəsənət, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.