11 C
Baku
Tuesday, November 26, 2024

Mərkəzi Bank BOKT-lərdə kredit riskinin idarə edilməsi qaydasını təsdiqlədi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib. Qayda kredit risklərinin idarə edilməsi ilə bağlı tələbləri, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydasını müəyyən edir.

Banker.az xəbər verir ki, sənədi Mərkəzi Bankın sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara görə, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:

– milli valyutada verilir;

– maksimum məbləği 500 manatdır;

– gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

– qaytarılma müddəti maksimum 45 gündür;

– gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

– kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

– gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

– təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;

– restrukturizasiya olunmur;

BOKT-ların risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasətini Müşahidə Şurası (Himayəçilik Şurası) təsdiq etməlidir.

BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır.


TAM SƏNƏD

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar № 46/215 noyabr 2024-cü il

Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası

 

  1. Ümumi müddəalar

 

Bu Qayda “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 19.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 744.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və bank olmayan kredit təşkilatlarında (bundan sonra – BOKT) kredit risklərinin idarə edilməsi ilə bağlı tələbləri, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydasını müəyyən edir.

 

  1. Anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. kredit riski – borcalanın və ya emitentin öz öhdəliyini müqavilə şərtlərinə uyğun olaraq icra edə bilməməsi nəticəsində itkinin yaranması riski;

2.1.2. risk iştahası – BOKT-nin kommersiya strategiyasında müəyyən etdiyi hədəflərə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmi;

2.1.3. faktiki illik faiz dərəcəsi – kredit üzrə bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi;

2.1.4. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;

2.1.5. gündəlik (qısamüddətli) kredit (bundan sonra – gündəlik kredit) – faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin əsas borcun verildiyi gün ödənilməsini və ya əsas borcun qaytarılması ilə bir vaxtda ödənilməsini (əsas borcun hissə-hissə qaytarıldığı hal istisna olmaqla) və ya günlərlə hesablanan dövrilikdə (30 gündən çox olmamaqla) ödənilməsini nəzərdə tutan istehlak krediti. Gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir:

2.1.5.1. milli valyutada verilir;

2.1.5.2. borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500 (beş yüz) manatdır;

2.1.5.3. gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir;

2.1.5.4. qaytarılma müddəti maksimum 45 (qırx beş) gündür;

2.1.5.5. gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu (gecikdirilmə faizlərinin tətbiq edildiyi hallar istisna olmaqla) əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 (iki) mislindən çox olmamalıdır;

2.1.5.6. kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır;

2.1.5.7. gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 (otuz) gündən artıq hesablanmamalıdır;

2.1.5.8. təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;

2.1.5.9. restrukturizasiya olunmur;

2.1.6. biznes krediti – hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kredit, habelə kənd təsərrüfatı kreditləri;

2.1.7. kənd təsərrüfatı krediti – kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – kənd təsərrüfatı subyektləri) kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, mineral gübrə, biohumus, toxum və pestisidlərin alınması, həmçinin aqrokimyəvi və aqrotexniki xidmətlərdən istifadə və s.), azı dörddə üç hissəsinin istehsalı kənd təsərrüfatı subyektinə məxsus olan kənd təsərrüfatı məhsullarının ticarəti və emalının, habelə kənd təsərrüfatı sektorunun inkişafı layihələrinin (bağların salınması, kənd təsərrüfatı məhsullarının saxlanması yerlərinin tikintisi, heyvandarlıq təsərrüfatının (balıqçılıq, quşçuluq və s.) qurulması və s.) maliyyələşdirilməsi məqsədilə milli valyutada verilmiş biznes krediti;

2.1.8. daşınmaz əmlak krediti – fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit;

2.1.9. kənd təsərrüfatı istehsal vasitələri – kənd təsərrüfatı texnikası (məsələn, traktor, torpaq hazırlama və becərmə texnikası, səpin və əkin texnikası, biçin və yığım texnikası, gübrəsəpən və hazırlayan maşın və s.), texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, habelə damazlıq heyvanlar;

2.1.10. aylıq ödəniş – müqavilədə (kredit, lizinq və digər borc öhdəlikləri üzrə) əsas borc və hesablanmış faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin hər ay bərabər hissələrlə ödənişi (annuitet ödənişlər). Kredit xətti müqavilələrində və annuitet ödəniş nəzərdə tutulmayan müqavilələrdə (kredit, lizinq və digər borc öhdəlikləri) aylıq ödəniş öhdəliyin ümumi məbləği (kredit xətləri üzrə kredit limiti) və müqavilənin bitməsinə qalan müddət əsasında annuitet qaydası ilə hesablanır;

2.1.11. borcalanın gəlirləri – fiziki şəxs olan borcalanın müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) təsdiq olunmuş ardıcıl son 6 (altı) ay üzrə orta aylıq gəliri, gəliri muzdlu işlə (əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi əsasında yerinə yetirilən işlər ilə) əlaqədar olmayan borcalanlar üzrə son 12 (on iki) ay üzrə orta aylıq gəliri və digər gəlirləri. Borcalanın orta aylıq gəliri əvvəlki 6 (altı) ay ərzindəki ümumi gəlirlərinin 6-ya (gəliri muzdlu işlə əlaqədar olmayan borcalanlar üzrə 12-yə) bölünməsi yolu ilə hesablanır. Müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiya təmin olunduğu halda müvafiq sənəd və məlumatlar BOKT tərəfindən həmin informasiya sistemindən real vaxt rejimində əldə oluna bilər;

2.1.12. digər gəlirlər – BOKT-nin Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindən təsdiq edilmiş daxili metodologiyaya uyğun olaraq görüləcək tədbirlər (borcalanın fəaliyyət sahəsinin, müəyyən gəlirlərinin mövcudluğunun və məbləğinin müəyyən edilməsi məqsədilə borcalanın fəaliyyət sahəsinə baxış keçirilməsi, təsdiqedici sənədlərin, məlumatların əldə edilməsi və ya digər üsullar) əsasında müəyyən edilən gəlirlər;

2.1.13. restrukturizasiya – borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya eyni BOKT-də olan mövcud borc öhdəliklərinin icrasına yönəldilməsi üçün yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi. Borcalanın maliyyə çətinliyinin yaranması dedikdə borcalanın pul axınlarının mövcud müqavilə şərtlərinə əsasən öhdəliklərinin icrası üçün adekvat olmaması, kredit bürolarının məlumatları əsasında borcalanın öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizinin 90 (doxsan) gündən çox gecikdirilməsi və ya belə halların baş verməsi ehtimalı və s. nəzərdə tutulur. Müqavilə şərtlərinin dəyişdirilməsi dedikdə aşağıdakılardan hər hansı biri nəzərdə tutulur:

2.1.13.1. faiz dərəcəsinin azaldılması;

2.1.13.2. əsas borcun və ya ona hesablanmış faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin azaldılması;

2.1.13.3. aktivin ödəniş müddətinin uzadılması;

2.1.13.4. yeni və ya əlavə güzəşt müddətinin (müəyyən olunmuş müddətdə ödənişlərin aparılmaması və ya yalnız faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin aparılması) verilməsi;

2.1.13.5. əsas borcun və faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödəniş qrafikinin dəyişdirilməsi;

2.1.13.6. bu Qaydanın 2.1.13.1 – 2.1.13.5-ci yarımbəndlərində göstərilənlərdən başqa BOKT tərəfindən müştəriyə mövcud müqavilə şərtlərindən daha əlverişli hüquq və üstünlüklərin təqdim edilməsi.

 

  1. Kredit risklərinin idarə edilməsi sistemi

 

3.1. BOKT-lərdə kredit risklərinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:

3.1.1. kredit risklərinin idarə edilməsi siyasəti;

3.1.2. kredit risklərinin qiymətləndirilməsi;

3.1.3. kredit risklərinin monitorinqi.

 

  1. Kredit risklərinin idarə edilməsi siyasəti

 

4.1. BOKT-nin Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindən BOKT-nin risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasəti təsdiq edilməlidir.

4.2. Kredit risklərinin idarə edilməsi siyasəti azı aşağıdakıları əhatə edir:

4.2.1. hər bir kredit növü üzrə bir borcalana və birgə borcalanlar qrupuna, habelə BOKT-yə aidiyyəti olan şəxslərə verilən kreditlərin maksimum həcmi, borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları;

4.2.2. təminatın qiymətləndirilməsi qaydaları, o cümlədən kənar qiymətləndiricinin seçilməsi meyarları;

4.2.3. kredit inzibatçılığının aparılması qaydaları;

4.2.4. qeyri-standart kreditlərin idarə edilməsi qaydaları;

4.2.5. hesabatlıq.

4.3. BOKT-nin əməliyyatlarının həcminə uyğun BOKT-nin kredit risklərinin idarə edilməsi siyasətinə daxili risk reytinqi sisteminə dair tələblər və ona daxil edilən meyarlar, stres-testlərin aparılması daxil edilə bilər.

4.4. BOKT-nin qeyri-standart kreditlərin idarə edilməsi qaydasında daxili və xarici amillərin BOKT-nin qeyri-standart kreditlərinin idarə edilməsinə təsiri, BOKT-nin qeyri-standart kreditlərin idarə edilməsi ilə bağlı imkanlarının (resursların mövcudluğu, informasiya texnologiyaları və s.) artırılması hədəfləri, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövrdə qeyri-standart kreditlərin həcminin azaldılması hədəfləri öz əksini tapır.

4.5. Qeyri-standart kreditlərin idarə edilməsi qaydasına uyğun olaraq tədbirlər planı hazırlanır. Tədbirlər planı BOKT-nin icra orqanı tərəfindən təsdiqlənir və azı ildə bir dəfə nəzərdən keçirilir. Tədbirlər planında qeyri-standart kreditlərin azaldılması ilə bağlı tədbirlər və onların reallaşdırılma müddətləri, tədbirlərin icrası üçün tələb olunan resurslar əhatə edilir.

4.6. Bu Qaydanın 4.2-ci bəndində qeyd olunan daxili qaydalarda maraqlar münaqişəsinin yolverilməzliyi təmin olunmalıdır.

4.7. Kredit risklərinin idarə edilməsi siyasəti BOKT-nin icra orqanı tərəfindən BOKT-nin əməkdaşları ilə kommunikasiya edilməlidir.

 

  1. Kredit risklərinin qiymətləndirilməsi və kredit inzibatçılığı

 

5.1. BOKT tərəfindən kredit tələbinin yaranması, o cümlədən yeni BOKT məhsullarının təqdim edilməsi zamanı borcalanların ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman azı aşağıdakılar nəzərə alınır:

5.1.1. istehlak kreditləri üzrə (gündəlik kreditlər istisna olmaqla):

5.1.1.1. borcalanın gəlirləri;

5.1.1.2. borcalanın yaşı və iş təcrübəsi;

5.1.1.3. kreditin məqsədi və onun ödənilməsi mənbəyi;

5.1.1.4. borcalanın kredit tarixçəsi;

5.1.1.5. kreditin təminata olan nisbəti əmsalı (kredit üzrə təminat olduqda);

5.1.1.6. borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları;

5.1.1.7. borcalanın xərclərinin səviyyəsi, habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları.

5.1.2. digər kredit tələbləri (iri və orta sahibkarlara verilən biznes krediti, qarantiya və s.) ilə bağlı bu Qaydanın 5.1.1.3 – 5.1.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı aşağıdakılar nəzərə alınır:

5.1.2.1. borcalanın müxtəlif ssenarilərdə pul axınlarının pisləşməsi halında borc öhdəliyinin ödənilməsi yolları;

5.1.2.2. hüquqi şəxs olduqda, borcalanın səhmdarları (payçıları) və idarəetmə orqanının üzvləri barədə məlumatlar;

5.1.2.3. borcalanın biznes təcrübəsi və onun fəaliyyət göstərdiyi sektorda mövqeyi;

5.1.2.4. borcalanın maliyyə vəziyyəti (borcalan holdinq şirkəti və ya holdinq şirkətinin tərkibindəki şirkət olduqda konsolidasiya olunmuş əsasda baxılır). Bu zaman, borcalanın və ya emitentin maliyyə hesabatlarına (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları), vergi orqanlarına təqdim etdiyi hesabatlara, habelə borcalanın və ya emitentin biznes planına (yeni biznes növü və ya sahəsi yaradıldıqda) baxılır. Borcalanın maliyyə hesabatları kredit üzrə sifarişin təqdim edilməsi tarixindən ən azı son 1 (bir) illik dövrü (borcalanın fəaliyyətə başladığı müddət 1 (bir) ildən az olduqda, fəaliyyət göstərdiyi dövrü) əhatə edir;

5.1.3. kiçik sahibkarlara verilən biznes kreditləri ilə bağlı bu Qaydanın 5.1.1.3 – 5.1.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı ən azı bir illik dövriyyəsi və maliyyə hesabatları (borcalanın fəaliyyətə başladığı müddət 1 (bir) ildən az olduqda, fəaliyyət göstərdiyi dövr üzrə) nəzərə alınır;

5.1.4. kredit borcalana xarici ölkədə istifadə məqsədilə verildiyi təqdirdə, bu Qaydanın 5.1.1 – 5.1.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı, kreditin istifadə edildiyi ölkədə iqtisadi və siyasi amillərin onun ödəmə qabiliyyətinə təsiri, həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında, habelə təminatın realizə edilməsində yarana biləcək risklər də nəzərə alınmalıdır;

5.1.5. mikro sahibkarlara verilən kreditlər ilə bağlı bu Qaydanın 5.1.1.3 – 5.1.1.5-ci yarımbəndlərinin tələbləri ilə yanaşı, borcalanın fəaliyyətinə dair həyata keçirilmiş baxışın nəticələri qiymətləndirilməlidir. Borcalanın fəaliyyəti olmadıqda xərcləri və nağd pul axınlarının proqnozlaşdırılmasını əhatə edən biznes plan qiymətləndirilir;

5.1.6. kənd təsərrüfatı kreditləri üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı bu Qaydanın 5.1.2-ci, 5.1.3-cü və 5.1.5-ci yarımbəndlərinin tələbləri ilə yanaşı ən azı kredit məbləğini əhatə edən, habelə sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə kreditin qalıq məbləğində sığorta ödənişinin faydalanan şəxs qismində BOKT-yə ödənilməsi şərtini nəzərdə tutan sığorta təminatının olması (aqrar sığorta və s.) nəzərə alınır. Kreditin maliyyələşdirilməsi birdən çox kredit təşkilatı tərəfindən aparıldıqda, sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə sığorta vəsaitlərinin kredit təşkilatları arasında bölüşdürülməsi şərtləri müəyyən edilməlidir.

5.2. Kredit tələbinin yaranması zamanı borcalanın birgə borcalanlar qrupuna, habelə BOKT-yə aidiyyəti olan şəxslərə aid olması yoxlanılır.

5.3. Borcalanın ödəmə qabiliyyəti kredit tələbinin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq, bu Qaydanın 5.1-ci bəndi nəzərə alınmaqla bütün hallarda qiymətləndirilir.

5.4. Borcalanın ödəmə qabiliyyətinin informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.

5.5. Hər bir kredit tələbi üzrə borcalanın kredit risklərinin təhlili nəticələri, kreditin verilməsi ilə bağlı qərar sənədləşdirilir və kredit dosyesində saxlanılır. Kredit dosyesinə daxil olmalı sənəd və məlumatların siyahısı bu Qaydaya 1 nömrəli Əlavədə nəzərdə tutulur.

5.6. Kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, BOKT kredit üçün müraciət edən şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verməlidir.

5.7. Kredit verildikdə borcalanla BOKT arasında kredit müqaviləsi bağlanılır. Kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. İstehlak krediti üzrə borcalana təqdim edilən standart məlumatlandırma forması Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 26 iyul tarixli 38/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”na uyğun tərtib edilir.

5.8. İstehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.

5.9. Kredit üzrə faktiki illik faiz dərəcəsi bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlak krediti ilə bağlı reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, kredit üzrə faktiki illik faiz dərəcəsi göstərilməlidir.

5.10. BOKT-də kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölmə kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalıdır.

 

  1. Kredit risklərinin monitorinqi

 

6.1. BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi qaydalarında BOKT-nin təsnifləşdirmə məqsədilə gecikmə günlərinə görə kreditlərin aylıq əsasda monitorinqi, təminat qismində çıxış edən daşınar və ya daşınmaz əmlakın vəziyyətinin və saxlanma şəraitinin yoxlanılması, kredit tələbinin təyinatı üzrə istifadə edilməsi və kreditlərin restrukturizasiyası üzrə prosedurlar və tələblər öz əksini tapır.

6.2. Kredit risklərinin monitorinqi funksiyasını həyata keçirən struktur bölmə BOKT-nin kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölməsindən ayrı olmalıdır.

 

  1. Kreditlərin verilməsi ilə bağlı tələblər

 

7.1. Daşınmaz əmlak krediti yalnız milli valyutada verilir.

7.2. İstehlak krediti gündəlik kreditə dair tələblərə uyğun olmadıqda, borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun həyata keçirilir. BOKT tərəfindən gündəlik kredit üzrə borcu olan şəxsə yeni gündəlik kredit verilə bilməz və yalnız həmin kredit tam ödənildiyi gündən 3 (üç) iş günü sonra həmin şəxsə yeni gündəlik kredit verilə bilər.

7.3. Xarici valyutada kreditlər yalnız həmin xarici valyutada gəliri olan şəxslərə verilə bilər.

 

  1. Yekun müddəalar

 

8.1. Bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lərə bu Qayda (8.2 – 8.4-cü bəndləri nəzərə alınmaqla) qüvvəyə mindiyi tarixdən 1 (bir) ay sonra şamil edilir.

8.2. Bu Qaydanın 2.1.5.9-cu yarımbəndinin (bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş kreditlər üzrə), 4-cü hissəsinin, 5.2 – 5.6-cı və 7.2-ci bəndlərinin tələbləri bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lərə bu Qayda qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra şamil edilir.

8.3. Bu Qaydanın 5.1-ci, 5.8-ci bəndlərinin və 6-cı hissəsinin tələbləri bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lərə bu Qayda qüvvəyə mindiyi tarixdən 6 (altı) ay sonra şamil edilir.

8.4. Bu Qaydanın 7.1-ci və 7.3-cü bəndlərinin tələbləri bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lər tərəfindən bu Qayda qüvvəyə mindiyi tarixdən sonra verilən, habelə bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş, lakin bu Qayda qüvvəyə mindikdən sonra restrukturizasiya edilən kreditlərə şamil edilir.

 

 

 

 

“Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na

Əlavə 1

 

Kredit dosyesi

 

  1. Ümumi sənədlər

 

  1. Borcalanın özünün, yaxud səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit müraciəti (sifarişi).
  2. Borcalan, yaxud onun səlahiyyətli nümayəndəsi barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – ƏL/TMM Qanunu) müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a uyğun olaraq əldə edilmiş məlumat və sənədlərlə yanaşı:

2.1. borcalan hüquqi şəxs və ya fərdi sahibkar olduqda, faktiki fəaliyyət göstərdiyi ünvan;

2.2. borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat.

  1. Borcalan hüquqi şəxs olduqda, onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd.
  2. Kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə).
  3. Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat.
  4. BOKT tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat.
  5. Biznes-plan (kreditin növündən asılı olaraq tələb olunduqda).
  6. Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair BOKT-nin müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi.
  7. BOKT-nin səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolundan çıxarış və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar.
  8. Kredit müqaviləsi.
  9. Bu Qaydada nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə kredit tarixçəsini təşkil edən məlumatlar.
  10. Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş (olduqda) illik maliyyə hesabatları (kredit verilərkən əldə edilmiş maliyyə hesabatları). Borcalan BOKT-yə aidiyyəti olan hüquqi şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş (olduqda) ən azı son iki illik maliyyə hesabatları.
  11. Borcalan hüquqi şəxs olduqda, kreditin müddəti ərzində illik maliyyə hesabatları.
  12. Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair BOKT-nin rəyi.
  13. Bir borcalanla və ya birgə borcalan qrupları ilə bağlı təmərküzləşmə riski barədə məlumat (belə hal baş verdikdə).
  14. Borcalan hüquqi/fiziki şəxs olduqda borcalanın BOKT tərəfindən müəyyən edilmiş daxili risk reytinqi.
  15. Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.).
  16. Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair BOKT-nin müvafiq struktur bölməsi tərəfindən tərtib olunmuş hesabat.
  17. Kreditin restrukturizasiyası ilə bağlı müqavilə və digər sənədlər.
  18. İstehlakçıya təqdim edilmiş istehlak krediti üzrə standart məlumatlandırma forması.
  19. Kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmətin alışını təsdiq edən sənəd.

 

  1. Təminata dair sənədlər

 

  1. Təminata dair mövcud qanunvericiliyə uyğun bağlanmış (təsdiq edilmiş) müqavilə.
  2. Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
  3. Girov predmeti birgə mülkiyyətdə olduqda onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin, razılığını təsdiq edən sənədlər (razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda), habelə sonrakı girov əvvəlki girov müqaviləsi ilə qadağan edilmədiyi halda, sonrakı girov zamanı əvvəlki girov qoyanın (ipoteka qoyanın) razılığını təsdiq edən sənədlər.
  4. BOKT təqdim olunan girov predmetinin alınmasını maliyyələşdirdikdə (daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər.
  5. Girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat.
  6. Girov predmetinin fiziki və texniki vəziyyətinin yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, soyadı, vəzifəsi, habelə yoxlamanın nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə) barədə məlumat.
  7. BOKT tərəfindən girov predmetinin BOKT-nin xeyrinə sığortalanması tələb edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şəhadətnaməsi).
  8. Təminat qarantiya və ya zaminlik növündə olduqda müvafiq olaraq qarantın və ya zaminin maliyyə vəziyyəti barədə məlumat və onun BOKT tərəfindən qiymətləndirilməsinin nəticələri.
  9. Təminatın əvəz edilməsinin sənədləşdirilməsinə dair sənədlər (zərurət yarandıqda)
  10. Təminatçı hüquqi şəxs olduqda:

10.1. təsis və dövlət qeydiyyatına dair sənədlər;

10.2. təminatçının səlahiyyətli idarəetmə orqanının qərarı (bu səlahiyyətlər kollegial idarəetmə orqanına məxsus olduqda);

10.3. təminat müqaviləsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər.

  1. Zamin fiziki şəxs olduqda:

11.1. onun gəlir mənbəyini (mənbələri) təsdiq edən məlumatlar;

11.2. onun ödəniş qabiliyyətinə dair digər məlumatlar, o cümlədən kredit tarixçəsini təşkil edən məlumatlar.

  1. Pul vəsaitinin girovu ilə təmin olunmuş kreditlər üçün hesabın bloklaşdırılmasını təsdiq edən sənədlər.

 

  1. Digər sənədlər

 

  1. Borcun tutulmasına dair sənədlər (borcalanlara ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.).
  2. Tikinti sahəsinə verilən kreditlər üçün tikinti layihələrinə dair sənədlər (olduğu halda).
  3. Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir rəsmi iddia, yaxud borcalan tərəfindən BOKT-ə qarşı qaldırılmış rəsmi şikayət/iddia).
  4. Borcalanla yazışmalar.
  5. BOKT-nin daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər.
  6. Kənd təsərrüfatı kreditləri üzrə əlavə olaraq aşağıdakı sənədlər:

6.1. borcalanın kənd təsərrüfatı sahəsində icazə, sertifikat və digər hüquqmüəyyənedici sənədləri (qanunvericiliklə tələb olunduqda);

6.2. istehsalı planlaşdırılan məhsulun satış planları, müqavilələri və ya satış üzrə niyyət Protokolları (olduğu halda).

 

 

 

 

“Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na

Əlavə 2

 

Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması qaydası

image002

  1. FİFD-in hesablanması aşağıda göstərilmiş riyazi tənlik vasitəsilə hesablanır:

S – borcalana verilən xalis kredit məbləği, yəni verilən kredit və BOKT-yə ödəniləcək cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişin və digər xərcin) sıra nömrəsi;

n — pul axınlarının (ödənişlərin və digər xərclərin) sayı;

x — faktiki illik faiz dərəcəsi;

m — illik ödəniş intervalı;

Ak — kredit müqaviləsi üzrə k – cı pul axınlarının (ödənişlərin və digər xərclərin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir.

  1. FİFD-in hesablanmasına aşağıdakı xərc maddələri daxil edilmir:
  2. a) kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, qanunvericiliyin tələblərindən irəli gələn xərclər (məsələn, icbari sığorta, notarial xərclər və s.);
  3. b) kreditin əldə edilməsini məhdudlaşdırmayan sığorta xərcləri;
  4. c) BOKT-yə əvvəlcədən məlum olmayan sığorta haqları;
  5. d) borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı yarana biləcək xərclər (ödənişlər gecikdirildiyi halda gecikdirilmə faizləri, dəbbə pulu və s.);
  6. e) həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər, o cümlədən:
  7. kreditin vaxtından əvvəl tamamilə və ya qismən geri qaytarılması üzrə kompensasiya xərcləri;
  8. borcalan üçün müəyyən edilmiş overdraft limitinin aşılması üzrə xərclər;

iii. kredit borcunun vəziyyəti barədə məlumatın əldə edilməsi üzrə ödənişlər;

  1. kredit kartları üzrə mübadilə və bu kimi digər tutulmalar.
  2. Kredit kartları (xətti) vasitəsilə ayrılan kreditlər üzrə FİFD-in hesablanması aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:
  3. a) kredit müqaviləsi borcalana kreditin istifadəsi üzrə sərbəst davranışa imkan yaratdıqda, kreditin verildiyi gün tam məbləğdə istifadə edilməsi imkanı nəzərə alınır. Kreditin hissə-hissə istifadəsi nəzərdə tutulduqda, sərbəst istifadə edilə bilən hissənin məbləği nəzərə alınır;
  4. b) kredit müqaviləsində kreditin istifadəsi üzrə sərbəst davranış müəyyən edildikdə və bu əsasda fərqli faiz dərəcəsi və (və ya) digər ödənişlər tələb edilməsi nəzərdə tutulduqda, hesablama tətbiq oluna biləcək ən yüksək tələblər nəzərə alınmaqla həyata keçirilir;
  5. c) kredit müqaviləsi üzrə borcalanın ödəniş qrafiki nəzərdə tutulmadıqda aşağıdakılar fərz olunur:
  6. kreditin müddətinin bir il olması;
  7. ödənişlərin aylıq əsasda və bərabər ödənişlərlə həyata keçirilməsi.
  8. d) kredit müqaviləsi üzrə ödəniş qrafikində yalnız müddət müəyyən edildikdə, ödənişlərin həcmi isə sərbəst olduqda (yəni, müqavilə üzrə müəyyən edilmədikdə), ən kiçik ödənişin (yalnız faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin) həyata keçiriləcəyi və əsas məbləğin müddətin sonunda ödəniləcəyi fərz olunur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər