Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 8 milyard 462,31 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,7% azdır.
Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 35,29 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 16,52% azdır.
Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 30,65%-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 888,52 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə sentyabr Türkiyə ümumilikdə 3 milyard 377,51 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,6% çoxdur.
Sentyabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 9-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 446,47 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 23,96% azdır.
Avqustda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 510,95 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin sentyabr ayında İrandan Türkiyəyə qaz nəqli olmayıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.