100 ən böyük silah istehsal edən şirkətin keçən il gəlirləri 2022-ci illə müqayisədə 4.2% artaraq 632 milyard dollar təşkil edib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. Ekspertlərin fikrincə, bu tendensiyanın 2024-cü ildə də davam edəcəyi ehtimal edilir.
Mütəxəssislər bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə silah satışından əldə edilən gəlirlərin artdığını qeyd ediblər. Bu, Qəzza zolağında və Ukraynada müharibə, Şərqi Asiyada artan gərginlik və ordunun yenidən silahlanması proqramları səbəbindən yüksək tələbatla bağlıdır.
2023-cü ildə ən böyük silah istehsalçıları (ilk 100-lük) 2022-ci ildəki azalmadan sonra gəlirlərini artırıblar. Bu siyahıda yer alan şirkətlərin təxminən dörddə üçü ildən-ilə gəlir artımı göstərib.
Top 100-dən 41 Amerika şirkətinin gəliri 317 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2.5% çoxdur və reytinqdəki bütün istehsalçıların gəlirlərinin demək olar ki, yarısıdır. Qeyd edək ki, 2018-ci ildən bəri reytinqdə ilk beş yeri Amerika şirkətləri tutur.
Beləliklə, 2023-cü ildə ilk 100-lüyə daxil olan 41 ABŞ konserninin 30-u hasilatı artırıb. Lakin iki ən böyük istehsalçı “Lockheed Martin” və “RTX”də azalmalar müşahidə olunur. SIPRI mütəxəssisləri bunu mürəkkəb təchizat zəncirlərindən, xüsusən də aeronavtika və raket texnikasından asılılıqla əlaqələndirirlər.
İlk 100-lükdə yer alan 27 Avropa şirkətinin (Rusiya şirkətləri istisna olmaqla) payı 122 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.2% çoxdur. Bu, dünyanın regionları arasında ən aşağı göstəricidir. Mürəkkəb silah sistemlərinin istehsal müddəti uzundur, bu da onların istehsalını tələb dəyişikliklərinə daha az çevik edir.
SIPRI hesabatında ilk 100-lüyə daxil olan Asiya və Okeaniyadan olan 23 şirkət ümumi gəlirin 5.7%-ni və ya 136 milyard dolları təşkil edib.