ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə söhbətində zarafat edib ki, əgər ölkə hakimiyyəti qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll edə bilmirsə, ABŞ-nin 51-ci ştatı ola bilər. Cənab Trüdo seçilmiş prezidentin ABŞ-yə qoşulmaq təklifinə “əsəbi gülüş” ilə cavab verib.
Siyasətçilər arasında söhbət noyabrın 29-da, cənab Trampın Kanada və Meksikadan gələn bütün mallara 25%-lik gömrük rüsumunun tətbiq edilməsini təklif etməsindən sonra baş tutub.
“Fox News” həmsöhbətlərinin sözlərinə görə, cənab Trampın açıqlamalarından sonra Castin Trüdo tariflərin tətbiqi, qeyri-qanuni miqrasiya və ticarət kəsirini müzakirə etmək üçün Mar-a-Laqoya (Donald Trampın Floridadakı şəxsi iqamətgahı) “xəbərdarlıq etmədən” uçub. Cənab Trüdo Trampa yeni tariflərin Kanada iqtisadiyyatını çökdürəcəyini bildirib.
“Deməli, ölkəniz ABŞ-dən 100 milyard dollar qoparmasa, sağ qala bilməyəcək?”, – deyə cənab Tramp cavab olaraq ABŞ-nin Kanada ilə ticarət kəsirinin həcminə işarə edərək soruşub. Bundan sonra siyasətçi Castin Trüdoya ölkəsinin ABŞ-nin 51-ci ştatı olmasını təklif edib.