6 C
Baku
Sunday, December 15, 2024

Bakıda siqaret niyə yoxa çıxıb?

Bir müddət əvvəl Azərbaycanda tütün və tütün məmulatlarının topdan nağd pulla satışına qadağa qoyulması paytaxt Bakıda siqaret qıtlığının yaranmasına səbəb olub.

Nağdsız ödəniş istehlakçılara aid olmasa da mağaza sahiblərindən kart ilə ödənişin tələb olunması onları çıxılmaz vəziyyətə salıb. Belə ki, siqaret satışı ilə məşğul olan əksər mağaza sahiblərinin ödəniş etmək üçün kartlarının olmaması onların topdan satış məntəqələrindən siqaret almaq imkanını məhdudlaşdırıb. Nəticədə əksər mağaza və dükanlarda siqaretlərin çox hissəsi satılıb qurtardığından, yeniləri isə alınmadığından alıcılar əliboş qayıdır.

Satıcılar bildirirlər ki, bu qərar onlar üçün böyük çətinlik yaradıb. Şəhərdəki mağazalardan birinin sahibi Natiq Təhməzov deyir ki, onun ödəniş kartı olmadığı üçün siqaret satışını həyata keçirən şirkətlərdən tütün məhsulları ala bilmir: “ Kartım yoxdur deyə şirkətlər siqaret verməkdən imtina edirlər. İndi məcburam ki, özümə hesab açdırım. Çünki bizim qazancımızın əsas hissəsini tütün məmulatları tutur. Hazırda isə mağazamda qalan siqaretləri satıram. Düzdür, bəzi vətəndaşlar istədikləri siqaretləri tapmadıqda əliboş qayıdır”.

Siqaretlərin qiymətinə gəlincə, satıcılar bu məlumatların düzgün olmadığını desələr də, vətəndaşlar bəzi mağazalarda qiymətlərin süni şəkildə qaldırıldığını bildirdilər.

Şəhərdə müşahidə apardığımız əksər mağazalarda siqaretlərin qiymətlərində ciddi artımın olmadığının şahidi olsaq da, siqaret qıtlığı yaşanırdı. Qiymət artımına yol verənlər isə vəziyyətdən süni şəkildə istifadə edən işbazlardır.

Şəhər sakinləri də siqaretlərin tapılmamasına görə narahat olduqlarını bildirdilər.

Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı verdiyi qərardan sonra tütün məmulatlarının qiymətində də artım müşahidə edildi. Sonuncu dəfə yanvar ayının 8-də siqaret bahalaşıb.

Mağazalarda satılan siqaretlərin satış qiymətlərindəki artım təxminən 20%-ə qədər müşahidə olunub.

Həmin gün bəzi mağazalar tütün məlumatlarının satışını ümumiyyətlə dayandırıb.

Fevral ayının 8-də isə bəzi siqaretlərin qiymətləri endirilib.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər