7 C
Baku
Sunday, December 15, 2024

“AG Telecom”un Gürcüstandakı müəssisəsi istehsal həcmini artırır

Azərbaycan “AG Telecom” şirkətinin Gürcüstandakı müəssisəsi (“İC Microelectronics” ASC) yerli və xarici bazarlarda satılacaq rəqabətə davamlı məhsul istehsal edir. Bunu agentliyə açıqlamasında Azərbaycan və Gürcüstan sərmayələri ilə Rustavi şəhərində inşa olunan bu müəssisənin istehsalat rəisi Koba Tekelaşvili bildirib: “Məqsədimiz insanları işlə və keyfiyyətli məhsullarla təmin etməkdir”.

K.Tekelaşvili deyib ki, bu gün müəssisə LED lampaları, “TV Box” və rəqəmsal texnologiyalar üçün ehtiyat hissələri, dekorativ lampalar, eləcə də SSRİ dövründən qalma və “İliç lampa”ları kimi tanınan lampalardan dəfələrlə qənaətcil, 100 Vt-lıq lampalar qədər işıqlandırma gücünə malik yeni 7 və 9 Vt-lıq elektrik lampaları istehsal edir. Bu lampaların tərkibində həm də insan sağlamlığına ziyan vuran civə və digər kimyəvi maddələr yoxdur.

Müəssisə rəsmisi qeyd edib ki, zavodda  kiçik ölçülü akkumulyatorla təchiz olunmuş lampalar da istehsal olunur: “Bu lampalar elektrik enerjisi kəsildikdə belə, otaq, ofis və dəhlizləri 3 saatadək işıqlandıra bilir. Hazırda müəssisədə 50 min lampa istehsal olunur. Məhsul istehsalının 100 minə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, sifariş əsasında mikrosxemlər, kabel televiziyaları üçün ötürücülük qabiliyyətini artıran xüsusi gücləndirici qurğular, internet gücləndiricisi və digər avadanlıq istehsal olunur”.

Müəssisənin maliyyə direktoru İosif Mazmişvili isə bildirib ki, bu zavod 2013-cü ildə yaradılıb: “Əldə olunan gəlirlər Azərbaycan tərəfindən idarə olunur. Hazırda müəssisədə 40 nəfər işlə təmin olunub. Yaxın günlərdə müəssisədə yeni televizorların istehsalına başlanılacaq. Məhsul istehsalı üçün Cənubi Koreya və digər ölkələrdən ekran və digər avadanlıq sifariş olunub. İlk məhsulun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir”.

Onun sözlərinə görə, televizorların qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişəcək. Belə ki, 32 düymlük televizor 180 ABŞ dollarına, 40 düymlük televizorlar 280 dollara təklif olunacaq. Hazır məhsullar müxtəlif ticarət şəbəkələrində satılacaq. Şirkət rəhbərliyi məhsulların MDB və Avropa bazarlarına çıxarılması istiqamətində iş aparır və hazırda bununla bağlı danışıqlar gedir.

Report

Son xəbərlər
Digər xəbərlər