Cəlilabad rayonunda xurma bağlarında məhsul yığımı aparılır.
Bu barədə fermerlər məlumat verib.
Onların sözlərinə görə, bu il məhsulun satış qiymətindən razıdırlar. Belə ki, xurmanın satış qiyməti kq-ı 50-60 qəpik civarında dəyişir. Ötən il isə bu rəqəm 30-40 qəpiyə bərabər olub.
Fermerlər bildirib ki, bu il həm də məhsuldarlıq yüksəkdir. Ötən il hər hektara orta hesabla 12-13 ton məhsul əldə olunub, cari il isə bu rəqəm 16-17 tona bərabərdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tədarük olunan meyvə əsasən paytaxt bazarlarına göndərilir.
Cəlilabad ərazisində 5,5 hektar sahədə xurma bağları mövcuddur. Bu bağlar əsasən rayonun Göytəpə şəhəri, həmçinin Təzəkənd, Privolnoye, Üçtəpə kəndlərində yerləşir.