“Instagram” 2025-ci ildə istifadəçilər üçün fotolarda geyim və fonu dəyişməyə, həmçinin videolara obyektlər əlavə etməyə imkan verən yeni süni intellekt alətlərini işə salacaq. Bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirib, “The Verge” yazır.
Alətlər “Meta”nın 2024-cü ilin oktyabrında təqdim etdiyi “Movie Gen” modelinə əsaslanır. Süni intellekt, digər şeylərlə yanaşı, mətn sorğusu əsasında “fərdiləşdirilmiş” videolar da yaradacaq.
Mosseri alətlərin necə işlədiyini nümayiş etdirib. Çıxış zamanı onun geyimi və fonu dəyişib, hətta boynunda zəncir və yanında begemot peyda olub.
“Biz video yaradıcıları üçün möhtəşəm süni intellekt alətləri yaradırıq. Məqsədimiz ideyalarınızı həyata keçirmək üçün sizə daha çox azadlıq verməkdir. Siz videolarınızla istədiyinizi edə bilməlisiniz. Geyiminizi dəyişdirin, aksesuarlar əlavə edin – ağlınıza gələni edin”, – Mosseri açıqlamasında deyib.