2024-cü ildə hakerlər onlayn platformaların və blokçeyn layihələrinin sındırılması nəticəsində ümumi məbləği 2.2 milyard dollar olan kriptovalyuta oğurlayıblar. Bu yolla oğurlanan pullar ötən illə müqayisədə 21% artıb. Bununla belə, bu, hakerlərin 3.7 milyard dollar dəyərində kriptovalyuta oğurladıqları 2022-ci ilin rekord göstəricisindən xeyli azdır.
“Chainalysis” analitika şirkətinin məlumatına görə, ilin birinci yarısında hakerlər tərəfindən oğurlanan pullar təxminən iki dəfə artıb və 1.6 milyard dollar olub, lakin ilin ikinci yarısında oğurlanan pulların həcmi kəskin azalıb. “Chainalysis” Şimali Koreya hakerlərinin fəallığının əhəmiyyətli dərəcədə artdığını qeyd edir: şirkət analitiklərinin fikrincə, onlar 47 hücum zamanı 1.3 milyard dollar (+102%) oğurlayıblar. Belə ki, il ərzində oğurlanan bütün kriptovalyutaların 61%-i onların payına düşür.