8 C
Baku
Monday, December 23, 2024

Zavod “ucuz xammal” şəraitində istehsal və ixracı kəskin artırıb: $102 mln.-luq satış

Azərbaycan cari ildə azot gübrəsinin xammalı sayılan təbii qazın ixracdakı qiymətlərinin ucuzlaşması şəraitində istehsalın həcmini artırdığı kimi, xaricə satışını illik müqayisədə xeyli yüksəldib.

Banker.az xəbər verir ki, ilin ilk 10 ayında 454 min ton həcmində karbamid və ya azot gübrələri ixrac etməklə 2023-cü ilin eyni dövründə qeydə alınmış 256 min tonluq həcmi 76 faiz üstələmiş olub.

Yanvar-oktyabr ayları ərzində ölkədən xaricə satılmış karbamidə görə ümumilikdə 102 milyon ABŞ dolları dəyərində valyuta daxil olub.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarında istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Lakin bu il ölkə istehsal etdiyi bu gübrənin 85 faizindən çoxunu xaricə ixrac edib.

Bu ilin ilk 10 ayında SOCAR-ın Karbamid Zavodunda ümumilikdə 532 min ton azot gübrəsi istehsal edilməklə keçən ili 53 faiz üstələyib. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, noyabra qədər olan istehsal həcmi 592 min tonu adlayıb və bu, zavodun tarixində ən iri istehsal həcmidir. Bununla da Karbamid Zavodu hədəflənən ən yüksək 660 min tonluq hədəfin astanasındadır.

Karbamidin bir tonu keçən il 247 dollar olduğu halda, bu il 225 dollara düşüb. Yəni bir tonu keçən illə müqayisədə 22 dollar və ya 9 faiz ucuz ixrac edilib. Ümumilikdə, qiymətlərin ucuz olmasına rəğmən cari ildə Azərbaycanın xaricə təbii qazı ucuz satması nəzərə alındıqda, gübrənin satışında istənilən halda udan tərəf olur. Karbamid üçün əsas xammal olan təbii qazdır və ölkəmiz bu il təbii qazı öncəki ildən az qala iki dəfə ucuz satıb.

Azərbaycanın ən iri karbamid alıcısı – ümumi ixracda 50 faiz payla Ukraynadır. Hesabat ərzində Ukraynaya 230 min ton azot ixrac edilib.

Azot gübrəsi ixracı, 2024, yanvar-oktyabr
Cəmi  Miqdar, min USD  Miqdar, ton
 454,051.33  102,166.72
  Ukrayna  229,724.05    49,028.92
  Rumıniya    87,112.90    19,592.72
  Türkiyə    86,174.15    17,396.50
  Braziliya    35,969.19    12,800.86
  ABŞ      4,240.30      1,071.22
  İsrail      3,497.30        769.41
  Argentina      2,967.05        682.42
  Albaniya      2,998.85        479.82
  Gürcüstan      1,367.54        344.87

 

Son xəbərlər
Digər xəbərlər